Bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun müddətdən tez bəraət alması insanların narahatlığına səbəb olub. Bununla bağlı Qaraçala qəsəbəsindən olan bir qrup sakin Demokrat.az-a müraciət edərək, Elşən Məmmədovun həbs edilməsini tələb edir. Sakinlərin sözlərinə görə, Elşən Məmmədov Salyanda kütləvi şəkildə gəncləri narkotiklə zəhərləyib məhv edir.
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün ölkədə narkomaniya geniş yayılmaqdadır:
“Əslində, adı çəkilən Elşən Məmmədovun kim olduğunu tanımıram. Amma dəqiq bilirəm ki, bu cür insanlar Azərbaycanda çoxdur. Konkret onun və digərlərinin gördüyü bu çirkin işlər dövlətimizə vurulan ən böyük ziyandır. Bu gün faktiki olaraq qürur duyuruq ki, Azərbaycan gəncləri, ordusu cəsarət göstərdi və düşməni əzdi. Bunu təbii ki, digər dövlətlər də, Azərbaycanın daxilində olan şərəfsiz düşmənlərimiz də görür. Görürlər ki, Azərbaycanı güclə çəkindirmək mümkün deyil. Nə etmək lazımdır? Bu gənclərin mənəviyyatını məhv etmək, şəxsiyyətini deqradasiyaya uğratmaq. Bununla da, gənclərimizi balaca kimyəvi məhsuldan asılı vəziyyətdə saxlamaq, ailəyə, vətənə bağlılıq instinktlərini öldürmək məqsədi güdürlər. Xarici dövlətlərin maliyyə dəstəyi ilə müəyyən yollarla içimizdə olan satqın, şərəfsiz insanlar, o cümlədən kresloda oturan məmurların köməyi ilə gənclərimizi korlayırlar”.
Ə.Abbasbəyli hesab edir ki, Azərbaycanda Cinayət Məcəlləsində müəyyən dəyişiliklərin edilməsinə ehtiyac var:
“Hesab edirəm ki, Azərbaycanda narkomaniyanın yayılması ilə məşğul olan insanlar daha az cəza alırlar. Rusiya və digər ölkələrdə bununla bağlı cəzalar daha ağırdır. Çox təəssüf ki, bir narkobaron yüz minlərlə gəncimizi məhv edir. Lakin həmin şəxslər ya yüngül cəza alırlar, ya da ki, müxtəlif üsullarla cinayətlərdən yayınırlar. Düşünürəm ki, bu cür cinayət törətmiş insanlarla bağlı ciddi dəyişiklik edlməlidir. Əgər bir adamın ölümü ilə bağlı ağır cəza verilirsə, bu adamların törətdiyi cinayəti nəticəsində yüzlərlə, minlərlə gənclərimiz məhv olur. Ona görə də, belə şəxslərə ən ağır cəzalar verilməlidir!”. 
“Biz bir narkobaranı, narkotik satanı, narkotik istifadə edəni tutmaqla, məsələni bitmiş hesab etməməliyik. Mənbəyini çözməliyik ki, bunun arxasında kim durur?! Maraqlıdır ki, bu adıçəkilən şəxs necə olur ki, cinayət törədir və bunu hüquq-mühafizə orqanları görmürlər?! Bu insanın tək Salyan rayonuna deyil, digər ərazilərə də təsirinin artması istisna deyil. Görün ki, məsələ nə qədər ciddidir ki, camaat narazılıqlarını bildirir. Bəs, bunu oradakı hakimiyyət orqanları, hüquq-mühafizə orqanları görmür? Necə olur ki, Bakıdan camaat bunu eşidir, amma orada outran, nəzarət edənlər səlahiyyətli şəxslər görmür? Bu xeyirxahlıqdan, humanizmdən irəli gələn bir məsələ deyil. Burada nəsə qaranlıq məqamlar var. Təbii ki, onlara orada şərait yaradan insanları da cəzalandırmaq lazımdır!”.
Həmsöhbətimiz qeyd edib ki, ölkəmizdə narkotik vasitəsi hamı üçün əlçatan olduğu üçün yayılma tendensiyası da artıb:
“Ümumiyyətlə, narkomaniya ümumbəşəri problemdir. Amma təbii ki, bu, gənclərin daha çox zəhərləməsində, cəmiyyətin məhvində bir neçə qüvvələrin müştərək əməkdaşlığı nəticəsində baş verir. Bilirsiniz ki, dünyada ən böyük gəlir gətirən birinci sahə silah, ikinci isə narkobiznesdir. Narkobiznesin imkanları o qədər böyükdür ki, ən böyük sahələri, o cümlədən də bir çox ölkələri, ən yüksək söz sahiblərini də ələ ala bilirlər. Elementar olaraq narkomaniyanın yayılmasının, təbliğinin bir sahəsi də kinodur. Hollivud filmlərində narkomanlıqla məşğul olanlar adətən müsbət qəhrəman kimi göstərilir, xeyirxah insan kimi təbliğ olunur. Bununla da, alt şüura yedizdirilir ki, siz narkomaniya ilə məşğul olsanız bu qədər uğurlu olarsınız. Təəssüf ki, bu tendensiya Azərbaycanda da davam edir. İstər-istəməz narkomaniyanın şüuraltı təbliği həyata keçirilir. Son dövrlər çəkilən primitiv, ucuz, səviyyəsiz seriallarda cinayətkar aləmin ideologiyası təbliğ olunur. Azərbaycan televiziyalarında, kütləvi informasiya vasitələrində narkomaniyanın vurduğu ziyanlar barədə işlər görülmür. Gənclərimizin mənəviyyatının korlanmasından danışılmır. Mənim 1 dəqiqəlik videoçarxım var narkomaniya ilə bağlı. Televiziyalar elə qiymət oxuyurlar ki, sanki mən şou-biznes adamıyam. Əslində, bu cür sosial çarxlar ödənişsiz olmalıdır. Amma bunu heç kim yerinə yetirmir. Elə yüksək qiymət deyirlər ki, ümumiyyətlə imtina edirsən. Son dövrlər insanların bəlasına çevrilmiş "patı" geniş yayılıb. Əvvəllər onun qiyməti bu qədər ucuz deyildi, indi o qədər qiyməti aşağıdır ki, gənclərimiz də ondan istifadə edir. Hesab edirəm ki, bütün bunlar da məqsədli şəkildə yayılır. Bunun da səbəbi müxtəlifdir. Yəni,"patı" hamı üçün əlçatan olduğu üçün yayılma tendensiyası da ölkəmizdə artıb.
Sonda qeyd edim ki, çirkli sövdələşməyə gedən istər hüquq-mühafizə orqanları olsun, istər biznesmen olsun, istərsə də sıravi vətəndaş olsun onlarla bağlı ciddi tədbirlər görmək lazımdır. Bu məsələnin həllinə dövlət səviyyəsində nail olmaq lazımdır. Kütləvi informasiya vasitələrinə təzyiq olmalıdır ki, siz niyə bu məsələni gündəmdə saxlamırsınız? Niyə şou-biznesin hər hansısa səviyyəsiz insanını çıxardıb, onun ailəsini, maşınını camaata göstərirsiniz. Amma xalqın problemini niyə danışmırsınız? Bu kimi insanlar tək Salyanda yox, bir çox regionlarımızda var, o cümlədən də Bakıda daha çoxdur. Bu məsələri ciddi şəkildə ictimailəşdirmək lazımdır”.
Nəzrin Hüseynli Demokrat.az


