“Uşaqların mənəvi inkişafı üçün bir neçə şərtin bir arada olması vacibdir. Əgər biz sağlam cəmiyyət və sağlam uşaqlar böyütmək istəyiriksə, sosial şərtlər olmaldıır. Uşaqlar ilk növbədə sağlam mühitdə doğulmalı, normal bir evdə yaşamalı və normal qidalanmalıdır. Onun istədiyi oyuncaqlar olmalı və uşaqda psixoloji travma olmamalıdır. O, hiss etməlidir ki, təhlükəsiz və sağlam bir mühitdə böyüyür”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı deyib. Sosioloqun bildirib ki, uşağın cəmiyyətdə gördükləri də onun mənəvi inkişafına təsir edir:
“Uşaq əgər böyüklərdən düzgünlük və ədalət görməsə heç bir sağlam inkişafdan söhbət gedə bilməz. Biz əgər sağlam cəmiyyət istəyiriksə, bu iki məsələni tutmalıyıq. Yoxsa travmalı uşaqlar böyüyəcək. Sabah ölkənin qurulmasında, müdafiə olunmasında o uşaqların psixoloji travması olmamalıdır. Vətən uğrunda döyüşməlidirlər də, ölkənin, dövlətin inkişafı üçün çalışmalıdırlar da. Onun üçün əvvəl biz verməliyik ki, sonra onlardan nəsə tələb edək”.
Ekspertin sözlərinə görə, normal təhsilin və səhiyyənin olması da çox mühümdür:
“Uşaqlarımıza pulsuz və düzgün təhsil verməliyik, dövlət bunu təmin etməlidir. Yaxşı olardı ki, uşaq pulu verilsin, çünki əksər ölkələr də bu var. Sağlam cəmiyyət üçün, sağlam uşaqların böyüməsi üçün dövlətin dəstəyi bir tərəfdən də budur. Bəzən deputatlar deyir ki, uşaq pulu verilsə, guya uşaqların sayı artacaq. Bu absurd və gülünc açıqlamadır. Ona görə ki, veriləcək pul onsuz da böyük olmayacaq, heç bir uşağın da xərcini ödəyəcək deyil. Ailələrdə çoxlu uşaqların dünyaya gəlməsi bundan sonra mümkün olan deyil. Artıq ölkəmizdə ailələr 1 və 2 uşaqlı modelə keçib ki, bu, anormal modeldir. Normal ailə 3 uşaqdan başlayır. Bu bir-iki uşağın heç olmasa sağlam böyüdülməsi üçün dövlət dəstək verməlidir. Aylıq uşaq pulu verməlidir, heç olmasa 100 manat da olsa. Çünki ailələrin 70-80 faizinin uşağı sağlam böyütmək üçün maddi imkanı çatmır. Hazırda elə bir sistem yaranıb ki, uşaqların oxudulması xərci heç valideynin maaşından çox edir. Orta təhsili məhv etdiyimizdən uşağı repetitor yanına getməyə məcburdur. Deməli, uşağa təhsil vermək üçün valideyn bir ayda neçə yüz manat ayda xərc çəkməlidir. Bax bu məsələlər həll olunmalıdır ki, biz sağlam gələcək formalaşdıraq, həm təhsilli, həm ağıllı, həm sağlam, həm də düzgün insanlar formalaşdıraq. Bütün ölkələr buna çalışır, biz də buna çalışdığımızı göstərməliyik. Həm dövlət olaraq, həm cəmiyyət olaraq bunu göstərməliyik”.
Aynurə Pənahqızı Demokrat.az


