Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində iştirak edəcək. Türkiyə lideri burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Demokrat.az report-a istinadən xəbər verir ki, Ərdoğan təşkilata üzv digər ölkələrin də liderləri ilə görüşəcək. Onun xüsusən rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır.
Ərdoğan bundan sonra ABŞ-a səfər edəcək, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci iclasında iştirak edəcək.
Türkiyə lideri sentyabrın 20-də Baş Assambleyada çıxış edəcək. Ərdoğan BMT-də Rusiya-Ukrayna müharibəsi, Ukrayna taxılının daşınması, terrorla mübarizə, Yunanıstanla gərginliyə qədər bir çox mövzularda danışacaq.
Ərdoğan BMT Baş Assambleyası çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə təkbətək görüşəcək.


