Kriminal Özəl

Bərdədə qayınata kürəkəninə xəsarət yetirdi — TƏFƏRRÜAT

Bərdədə qayınata kürəkəninə xəsarət yetirdi — TƏFƏRRÜAT

Bərdə rayonunda 1951-ci il təvəllüdlü Babək şəxsi münasibətlər zəminində yeznəsi Məmmədə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 8-də, saat 19 radələrində rayonun Gərənə kəndində baş verib.

Babək özünə məxsus fərdi yaşayış evinin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yeznəsi Məmmədin baş nahiyyəsinə əlində olan ağac ilə 1 dəfə vurub.

İstintaq orqanı tərəfindən Babəkin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, ailəsi ilə birlikdə Bərdə rayonu Gərənə kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür:

“Zərərçəkmiş Məmməd yeznəmdir, Səidə isə qızımdır. Qızım təxminən 20 il bundan qabaq Məmməd ilə ailə həyatı qurub. Lakin aralarında yaranmış müəyyən səbəblərə görə qızım Məmməddən boşanmaq üçün ondan ayrılıb və bizim yaşadığımız evə gəlib. Bundan sonra bizimlə yaşamağa başlayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 8-də, saat 19 radələrində yaşadığı evdə olan zaman azyaşlı nəvəsi Adil ona qızı Səidənin Məmmədlə arasında münaqişə olduğunu deyib:

“Dərhal onların yanına getdim. Məmçməd məni görən kimi ünvanıma nalayiq ifadələr işlətdi. Buna görə də aramızda mübahisə oldu. Mübahisə zamanı arvadım məni sakitləşdirərək evə tərəf apardı. Daha sonra Məmməd həmin yerdən getdi”.

Təqsirləndirilən şəxs ifadəsində dava-dalaş vaxtı Məmmədə xəsarət yetirmədiyini, Məmməd stolun üstündə olan fincanla baş nahiyyəsinə vuraraq özü-özünə xəsarət yetirdiyini deyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məmmədin sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, avtomobil təmiri işi ilə məşğul olur:

“20 ilə yaxındır ki, Səidə ilə ailə həyatı qurmuşam və birgə nigahdan biri oğlan, iki qızım olmaqla üç övladım olub. Arvadım ilə aramızda yaranmış müəyyən narazılıqlara görə bir ilə yaxındır ki, ayrı yaşayırıq. Səidə məndən ayrılaraq atası Babəkin yaşadığı Bərdə rayon Gərənə kəndində yerləşən fərdi evdə yaşad. Övladlarımda Səidə ilə bir yerdə yaşayıb”.

Zərərçəkmiş deyib ki, martın 8-də qızı Səbinə mobil telefon vasitəsilə ona zəng edib və bu gün “8 mart” qadınlar bayramı olduğunu, onu mağazaya apararaq hədiyyə almağı deyib:

“Martın 8-də, saat 19 radələrində Bərdə rayonu Gərənə kəndinə Səidəgilin yaşadığı ünvana gəldim. Səidə qızlarım ilə birlikdə bacısı Bahargildə olduğu üçün ora getdim. Evə daxil olan zaman qaynanam məni gördü. Dedi ki, nəyə gəlmisən, sənin üzün bura gəlməyə yoxdur. Ünvanıma nalayiq ifadələr işlətməyə başladı və mənimlə mübahisə etdi. Mübahisə yaranmasın deyə evdən bayıra çıxdım. Həyətdə duran zaman qaynatam Babək əlində ağacla üzərimə gəldi. Ünvanıma nalayiq söyüşlər söyərək, qəflətən əlində olan ağacla bir dəfə baş nahiyyəmə vurdu. Mən yenə münaqişə olmasın deyə oradan aralaşdım”.

Zərərçəkmiş deyib ki, martın 9-da hadisə barədə Bərdə rayon polis şöbəsinə müraciət edib.

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Babəkin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az