Sunmqayıt şəhərində 1986-cı il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qeyri-rəsmi yaşadığı arvadı Şəlaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar bildirib ki, Sumqayıt şəhər Texniki-Baxış və Qeydiyyat-İmtahan Şöbəsinin yaxınlığında həyat yoldaşı Şəlaləni qızı Aynurə ilə görüb:
“Hara getdiklərini soruşduqda Şəlalə özünə məxsus Sumqayıt şəhəri, Tuqzavod qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə baş çəkməyə getdiyini bildirdi. Həyat yoldaşımdan nə üçün məndən xəbərsiz işlər gördüyünü soruşdum. Onu danladım, sonra özümə məxsus “VAZ-2106” markalı avtomaşınla onları həmin Tuqzavod qəsəbəsi ərazisində yerləşən evə apardım. Evin həyətində yenə Şəlalə ilə aramızda mübahisə yarandı. Əsəbləşərək əl zərbələri ilə Şəlalənin sifətindən, boynundan vurdum, əllərim ilə hər iki qollarından və boğazından tutaraq bərk sıxaraq onu döydüm”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını deyib.
Sumqayıt şəhər Məhkəməsi tərəfindən hökm çıxarılan zaman bu hal nəzərə alınıb.
Məhkəmə İlqarın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az


