Gündəm Özəl

Deputat: “Türkiyəsiz dünya çox boz, amalsız və....”

Deputat: “Türkiyəsiz dünya çox boz, amalsız və....”

Bu gün qardaş Türkiyənin 30 Avqust Zəfər Bayramının 100-cü ildönümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu, təkcə Türkiyənin deyil, Türk dünyasının, Şərqin və bəşəriyyətin bayramıdır. Deputat vurğulayıb ki, Böyük Atatürkün rəhbərliyi ilə Türkiyənin öz müstəqilliyini, qürurunu qoruyub saxlaması, dünya düzənində yeni bir sistemin qurulmasına səbəb oldu:

“Türkiyəsiz dünya çox boz, amalsız və deyərdim ki, bir çox dəyərlərini itirmiş düzəm olardı. Müasir Türkiyə dünyada yeni bir səhifə açdı. Bununla da, o dünya siyasətində heç bir problemin həll edilmədiyi nümunəsini ortaya qoydu. Müxtəlif dövrlər yaşamasına baxmayaraq, Türkiyə həmişə diqqəti cəlb edən, özünün inkişafı yanaşması ilə dünyaya nümunə olan bir ölkə oldu. Türkiyənin böyüklüyü SSRİ dağıldıqdan sonra onun əsasında yaranan türk dövlətlərinə dəstəkdə özünü göstərdi. Türkiyə o cümlədən ilk gündən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Eyni zamanda, Ermənistanla əlaqələrini kəsdi, dünyanın bütün mötəbər məclislərində Azərbaycanın ərazi bütövlüyü məsələsini qaldırdı. 20 il bundan əvvəl Böyük Türkiyə siyasətçisi Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsi Türkiyənin qüdrətini daha da artırdı. Və bu gün Türkiyə Zəfər bayramının 100 illik şərəfli bir tarixi dünyaya bir türk nümunəsi qoymaqla gəlibdir”.

Deputat əlavə edib ki, Azərbaycanın Zəfər qazanmasında da Türkiyənin böyük rolu var:

“Bu baxımdan deyərdim ki, “bir millət, iki dövlət” ifadəsi “bir milliət, iki zəfər” ifadəsiylə çox uğurla yanaşı dura bilər. Bu bayram bütün Türk dünyasının, bütün türksevərlərin bayramıdır. Bu, Azərbaycanın da bayramıdır. Cənab Prezidentimizin Türkiyə prezidentinə göndərdiyi təbrik məktubunda ən xoş fikirlər bildirilib. Türkiyə Azərbaycan xalqının sevgisi, məhəbbəti, bütün zənginliyi ilə göstərilir. Türk xalqını təbrik edir! Onun uğurlarına sevinir və Türkiyəyə bundan da böyük uğurlar arzulayıram”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az