Gündəm Özəl

ABŞ və Fransa səfirlərinin Şuşa səfərlərindən imtinasında erməni izi

ABŞ və Fransa səfirlərinin Şuşa səfərlərindən imtinasında erməni izi

Azərbaycana qarşı yanlış siyasət davam edəcəyi təqdirdə bu, ölkələr arasında soyuq münasibətlərə gətirib çıxaracaq.

Fransa və ABŞ-ın ölkəmizdəki səfirləri Şuşada təşkil olunan beynəlxalq konfransa qatılmaqdan imtina ediblər. Adıçəkilən ölkələrin diplomatlarının bu addımının üzərindən sükutla keçmək olardı. O halda ki, bu, ilk dəfə baş versəydi. Amma 44 günlük Vətən müharibəsindən sonra bunun ənənə halını almağa başlamasına seyrçi qalmaq mümkün deyil. Xatırlatmaq yerinə düşər ki, keçən ilin 9-10 iyul tarixlərində Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Fransa, həmçinin Rusiya səfirləri olmayıb və onlar Şuşaya getməkdən imtina ediblər.

Təbii ki istər ABŞ, istərsə də Fransa səfirlərinin Şuşaya qarşı “allergiyası” özlərinin şəxsi mövqelərindən qaynaqlanmır. Bu, əslində hər iki ölkənin hökumətlərinin Azərbaycana, onun ərazi bütövlüyünə hörmətsiz yanaşması kimi anlaşılmalıdır. Çünki buna başqa ad tapmaq mümkün deyil.

Gəlin baxaq: diplomatlar üçün təşkil olunan səfərlərdə hansı məsələlər müzakirə olunur? Kimsə düşünə bilər ki, bəlkə konfransın mövzusu diplomatları səfərdən imtinaya sövq edir və neytral qalmaq istəyirlər.

Ötən ilin iyul ayında təşkil olunan səfərdə məqsəd xarici diplomatları Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal arxitektura üslubu, eyni zamanda Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etmək olub.

Budəfə təşkil olunan komfrans isə Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə, planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub.

Göründüyü kimi, konfransların mövzusu səfərdən imtina üçün heç bir əsas vermir.

Deməli, Azərbaycanda akkreditə olunmuş, eləcə də Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlərin, beynəlxalq diplomatik korpusun nümayəndələrinin, hərbi attaşelərin, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxslərinin (ümumilikdə 160-dan çox nümayəndə) qatıldığı mötəbər tədbirdən imtinanın kökündə başqa amillər dayanır. Fransa və ABŞ səfirlərinin nüfuzlu beynəlxalq təşkilatların-Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərlərinin, bütövlükdə bütün qitələri əhatə edən səfirlik və hərbi attaşelərin yer aldığı tədbirə qatılmaması heç bir normal məntiqə sığmır. Fransa və ABŞ necə ki 30 ilə yaxın ATƏT-in Minsk Qrupunda fəaliyyətləri zamanı dürüst və ədalətli ola bilmədilərsə, postmüharibə dövründə də eyni yanaşma sərgiləyirlər. Təbii ki, hər iki ölkə iqtidarına erməni lobbisinin ciddi təsirinin olması şübhəsizdir və imtinaya əsas səbəb kimi bu amilin üzərində dayanmaq olar.

İstənilən halda ABŞ və Fransa kimi güclü ölkələrin hökumətlərinin erməni lobbisinin əlində oyuncağa çevrilməsi üzücü mənzərdir. Lobbinin təsiri ilə bu hökumətlərin verdiyi qərarlarla bağlı kifayət qədər nümunələr var. Şuşada keçirilən səfərlərdən imtinanın kökündə də erməni barmağının olması şübhəsizdir.

Fəqət ABŞ və Fransa anlamalıdır ki, belə səfərlərdən imtina reallığı dəyişmək iqtidarında deyil. 44 günlük Vətən müharibəsində Fransanın ermənilərdən artıq ermənpərəstliyi nəyi dəyişdi ki? Senatın vasitəsilə Qarabağdakı terrorçu xuntanın “tanınması” barədə verilən qərar adi kağız parçası olmaqdan başqa nəyə yaradı ki?!

Azərbaycanın strateji tərəfdaşı olan ABŞ həmin vaxt Fransa qədər ermənipərəstlik etməsə də, bu dövlətin müharibədən sonra obyektiv yanaşmasını görə bilmirik. Sanki ABŞ yenidən münaqişə ocağının yaranmasında daha çox maraqlıdır. Dünyanın supergücünün indiki normallaşma prosesinə dəstəyi ilə bağlı heç bir ciddi addımı ortada yoxdur. Əksinə, bu günlərdə mövcud olmayan ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edən ABŞ yenidən münaqişə ocağı yaratmağa yönələn siyasət yürütdüyünü sərgilədi.

Beləliklə, Fransa və ABŞ səfirlərinin Şuşaya səfərlərdən imtinasının mayasında nəyin dayandığı ilə bağlı mənzərə göz önündədir.

Səfirlərin davranışı Azərbaycan xalqına, dövlətinə və onun ərazi bütövlüyünə qarşı qərəz, etinasız münasibət, hörmətsizlik kimi qiymətləndirilməlidir. Mövcud reallığı, Qarabağ münaqişəsinin arxada qalmasını Azərbaycanın tərəfdaşları anlamalı, bu yanlış siyasətdən əl çəkməlidirlər. Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında öz ərazisində suveren hüquqlarını təmin edib, bütün dünya ölkələri kimi ABŞ və Fransa da bu reallığı qəbul etməli, ədalətli və dürüst olmalıdırlar. Azərbaycana qarşı yanlış siyasət davam edəcəyi təqdirdə bu, iki ölkə arasında münasibətlərə təsir göstərəcək.

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az