Qarabağ Özəl

Politoloq: ““Qisas” əməliyyatımız təkcə Ermənistana deyil, hər kəsə dərs oldu”

Politoloq: ““Qisas” əməliyyatımız təkcə Ermənistana deyil, hər kəsə dərs oldu”

“Kollektiv Qərb görür ki, Rusiyaya tətbiq etdiyi sanksiyaların nəticəsi olaraq Rusiyanın “Şimal-Cənub” multimodal nəqliyyat dəhlizinə güc verməsi ilk növbədə onun özünə lazımdır. Bu baxımdan da Azərbaycanla, Ermənistanla daimi təmaslar quraraq Qarabağ məsələsində vasitəçilik üzərindən bölgədə aktivləşməklə bizim regionda da Rusiyanı maksimum sıxışdırmaq üçün bütün gücünü ortaya qoyur. Vacib məqam odur ki, Rusiya-Türkiyə liderlərinin Soçi görüşü zamanı verilən mesajların ardından görüş bitər-bitməz sadəcə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyil, ABŞ dövlət katibi Antoni Blinken də dövlət başçımıza zəng etdi. Qərb görür ki, regional aktorların birləşməsi gedir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O qeyd edib ki, bu birləşmə prosesində Türkiyə-Rusiya münasibətləri olduqca vacib əhəmiyyət kəsb edir:

“Qurulacaq əməkdaşlıq platformalarının əsas lokomotivlərindən biri bu münasibətlər olacaq. Ümumi sistemi qopmuş bir zəncir kimi xarakterizə etsək Türkiyə birləşdirici və uzlaşdırıcı bir həlqədir, iki dövlətin yaxınlaşmasından isə həm regional, həm də qeyri-regional dövlətlər narahatdır. Qərb iki dövlətin qlobal kontekstdə aktual məsələ olan ərzaq böhranı, bu böhrandan çıxmaqda Türkiyənin dominant rolu və konstruktiv, nəticəyönümlü vasitəçiliyi, Akkuyu-AES-in baş tutmaması üçün Türkiyəyə təzyiqlər edilir. Lakin edilən təzyiqlərə baxmayaraq hələ də gündəlikdə əsas müzakirə mövzularından biri olması, Rusiya liderinin enerji məsələsinə görə Avropanın Türkiyəyə minnətdar olmalı olduğunu xüsusilə vurğuladı. Bütün bunlara paralel olaraq Azərbaycanın enerji məsələsində ölçülü və balanslı siyasəti və ən əsası Türkiyənin atacağı hər addımda Azərbaycanın da maraqlarını öz maraqlarına paralel tutması, nəticə etibarilə isə Ermənistanın Qərbin təsir dairəsinə düşməsinə mane olunacağı və Rusiyanın təsir dairəsində qalması ilə Türkiyə və Azərbaycanın diktəsini icra etməkdən başqa çıxış yolu qalmayacağını aydın dərk edir. Bu baxımdan Qərb telefon diplomatiyasını addım başı gündəmdə saxlayır. Sadə dildə desək, Qərbdən gələn hər bir zəng “mən də varam, orda maraqlıyam” deməkdir”.

Politoloqun fikrincə, vasitəçilik məsələsində monopolist yanaşmanın olmaması bizə lazımdır:

“Belə olacağı təqdirdə hər hansı məsələdə tərəflərlə gərginliyimiz olsa belə qurulan çox vektorlu siyasətin konkret tərəflərindən tutmaqla öz maraqlarımızı təmin edə biləcəyik. Bu işdə isə əsas prioritet qanunsuz erməni silahlı qruplaşmalarının regiondan təmizlənməsidir ki, bu öhdəliyi də Rusiya yerinə yetirməlidir. Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini, Laçın dəhlizinə alternativ yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin kontingentinin həmin yola dislokasiya olunacaq. Bunun olunacağını hər məqamda Qərbin diqqətinə çatdırmağımız Rusiyanın mövcud durumu fonunda ona daha da təsir edəcək ki, götürdüyü öhdəliyi artıq qəti və konkret olaraq icra etsin. Heç şübhəsiz ki, istər diplomatik masada, istərsə də sərhəddə atılan hər bir addımımız maraqlarımızı təmin etmək baxımından Azərbaycana müsbət və əsaslı geridönüşlər, dividentlər qazandırır. “Qisas” əməliyyatımız öhdəliklərdən yaranan, təxribatlar törədən Ermənistana deyil, hər kəsə dərs oldu. Paralel olaraq Azərbaycan xalqı və dövləti müəyyən üsul və vasitələrlə cəmiyyətimizi, xalqımızı çaşdırmağa yönəlmiş təxribatlara ayıq-sayıq yanaşır. Bütün bunların təməlində isə cənab Prezident İlham Əliyevin milli maraqlarımızı maksimum təmin etməyə istiqamətlənən qəti siyasi iradəsi və çoxvektorlu diplomatiyası, ölkəmizdə mövcud olan monolit xalq-iqtidar birliyi dayanır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az