“Cənab Prezidentin yeni təyin olunmuş icra başçılarını qəbul edərkən qazilər, Vətən müharibəsində qəhrəmanlıq, şücaət göstərmiş insanlar və şəhid ailələri barəsində dediyi sözlər həqiqətən də, hər birimiz üçün örnək olmalıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib. Deputat prezident İlham Əliyevin qeyd etdiklərinin hamı üçün bir fəaliyyət planı olmalı olduğunu vurğulayıb:
“Hesab edirəm ki, bu, qazi və şəhid ailələrinin problemləri ilə məşğul olan istər mərkəzi icra orqanları, istərsə də yerli icra orqanları üçün çox mühüm və diqqətə cəlb edən bir mesaj idi. Fikrimcə, onların fəaliyyətin istiqamətləndirilməsi, əlaqələndirilməsi, fədakarlıq göstərilməsi üçün mühüm və sərt mesajlar idi.

Çünki həm qazi ailələri, həm də qazilərin özləri istər psixoloji cəhətdən, istərsə də dövlətin daim qayğısını hiss etmələri baxımından həssas əlil qrupuna aiddirlər. Və xüsusən də, onlar 44 günlük Vətən müharibəsində xalqımızın şərəf və ləyaqətini, o cümlədən ölkəmizin nüfuzunu və hər birimizin arzularını həyata keçirmişlər. Vətən müharibəsində iştirak edən, sağlamlığını itirən, şəhid olan insanların ruhu hər birimiz üçün əziz olmalıdır və əzizdir! Bütün bu söylənilənlər dövlətin ayırdığı və dövlətin göstərdiyi diqqəti vaxtlı-vaxtında, zamanında onlara yetirməsinə məsul olan şəxslər üçün xəbərdarlıq idi. Bu baxımdan da, bu fikirlər hər birimiz üçün böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Təkcə bu fikirlərə mənəvi dəstək verməklə yanaşı, Cənab Prezidentin də qeyd etdiyi kimi, hər birimizin borcudur ki, öz üzərimizə düşən vəzifələrimizi, addımlarımızı bu insanlar üçün, bu ailələr üçün ataq”.
Deputat qeyd edib ki, dövlətin sosial dövlət strategiyasını insanlara həm izah olunması, həm də bu prosesdə mümkün ola biləcək addımları dövləti vəsaiti, dövlətin yaratdığı imkanlar hesabına vaxtlı-vaxtında, zamanında atmaq çox önəmli məsələdir:
“Dövlətimizin bu istiqamətdə mövqeyi isə prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə ifadə olunmuşdur”.
Aynurə Pənahqızı Demokrat.az


