Gündəm Özəl

Politoloq: “Dünyada Ermənistan yeganə dövlətdir ki, sülhə qarşı bir fobiyası var”

Politoloq: “Dünyada Ermənistan yeganə dövlətdir ki, sülhə qarşı bir fobiyası var”

Ötən gün 168.am saytı Türkiyə hərbçilərinin guya Ermənistanın Talin mərzinin Araqatsavan (Alagöz) kəndi istiqamətində dövlət sərhədini keçməsi və bu ölkənin sakinlərinə qarşı hər hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı tərxibat xarakterli məlumat yayıb. Bəs, erməni mətbuatının belə dezinformasiyalar yaymaqda məqsədi nədir?

Suallımızı cavablandıran politoloq Ceyhun Əhmədli Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanda Türkiyə ilə normallaşma sürəcinə qarşı çıxan qüvvələr hələ də mövcuddur. Politoloqun sözlərinə görə, bir çox hallarda biz onların hakimiyyətin siyasətinə təsir etmək gücündə olduğunu görürük:

“Bir çox siyasi mərkəzlər, bir çox elita nümayəndələri, hərbi-siyasi dairələr Ermənistanın Türkiyə ilə sərhədləri açmasını istəmirlər və onlar vaxtaşırı olaraq müxtəlif təxribatçı bəyanatlar yaymaqla, həmin o normallaşma prosesini sabotaj etməyə çalışırlar.

Politoloq: “Dünyada Ermənistan yeganə dövlətdir ki, sülhə qarşı bir fobiyası var”

Bundan əvvəl də biz analoji hadisələrin şahidi olmuşuq. Məsələn, Ermənistanda bəzi siyasi dairələr Türkiyə ilə sərhədlər açılacağı təqdirdə ölkənin cənub hissəsinin tamamilə Türkiyənin nəzarətinə keçə biləcəyi ilə bağlı mülahizələr irəli sürməyə çalışıblar. Yəni, guya ki, Türkiyə ilə sərhədlər açılsa, Azərbaycan və Türkiyə bu ölkənin cənub hissəsini tam nəzarətə götürəcək. Belə bir fikir formalaşdırmağa çalışırlar cəmiyyətdə ki, sərhədlərin açılmasına maksimum şəkildə mane olsunlar. Əsas məqsəd bundan ibarətdir. Son olaraq da, Talin mərzinin Araqatsavan (Alagöz) kəndində dövlət sərhədini guya ki, Türkiyə hərbiçilərinin keçməsi və erməni sakinlərinə qarşı qanunsuz hərəkət etməsi ilə bağlı təxribat xarakterli məlumat yayılıbdır. Bu məlumatın yayılması da bayaq qeyd etdiyim məqsəddən irəli gəlir. Ermənistandakı bəzi siyasi dairələr, siyasi mərkəzlər Ermənistan hakimiyyətinin Türkiyə ilə sərhədləri açmaq siyasətini dayandırmağa çalışırlar. Ermənistan hakimiyyətinin bu siyasəti dayandırmasına çalışırlar”.

C.Əhmədli əlavə edib ki, bu hadisələr bir daha onu göstərir ki, Ermənistan dövləti sanki sülhdən qorxur:

“Bəlkə də dünyada Ermənistan yeganə dövlətdir ki, sülhə qarşı bir fobiyası var, qorxusu narahatlığı var. Vaxtilə Ermənistanın keçmiş prezidenti Levon Ter-petrosyan açıqlamasında bildirmişdir ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın tamamilə Türkiyədən asılı vəziyyətə düşməsi ilə nəticələnə bilər. Yəni, bu ölkə iqtisadi inteqrasiyanı, əməkdaşlığı, regional əməkdaşlığı sanki özü üçün təhdid mənbəyi kimi görür. Yəni, bu da Ermənistanın özünəməxsus mənfi keyfiyyəti kimi səciyyələndirilə bilər. Və təbii ki, bu aparılan təbliğatın heç bir əsası yoxdur. Və bu təbliğat heç bir halda erməni xalqının maraqlarına və mənafelərinə cavab vermir. Sadəcə olaraq, Ermənistandakı bəzi siyasi dairələr Türkiyə və Qarabağ faktorunda istifadə edərək özlərinin hakimiyyət maraqlarını reallaşdırmağa çalışırlar. Onlar üçün erməni xalqının maraqları yox, özlərinin hakimiyyət maraqları ön planda dayanır. Ona görə də, vaxtaşırı olaraq istər Türkiyə ilə, istər Qarabağla bağlı bu cür təxribatlı bəyanatlar yaymaqla, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normalaşdırmasına qarşı çıxmağa çalışırlar“.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az