“Rus sülhməramlıları təəssüflər olsun ki, müvəqqəti yerləşdikləri Qarabağın kiçik bir hissəsində hələ də Azərbaycan cəmiyyətini narazı salan fəaliyyətlər həyata keçirirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib.
Politoloqun sözlərinə görə, bundan əvvəl dəfələrlə sülhməramlı missiyasına uyğun olmayaraq, Xankəndində uşaqlar üçün bağça tikən, eyni zamanda məktəb təmir edən rus sülhməramlılarının bu dəfə Laçın dəhlizindən yayılan görüntüləri əslində məsələnin mahiyyətinin nə olduğunu göstərir:

“Təəssüflər olsun ki, bu gün rus sülhməramlıları öz fəaliyyət missiyalarına uyğun olmayan davranışlarla məşğuldurlar. Ümumiyyətlə, Laçın dəhlizində olan hər bir tikili Azərbaycan dövlətinin ərazisində olduğu üçün Azərbaycanın əmlakı hesab edilir. Lakin təəssüflər olsun ki, separatçılar necə ki, Kəlbəcəri tərk edərkən orada evləri yandırmışdır, eyni zamanda infrastruktura ziyan vurmuşdur, bu gün biz həmin hadisənin Laçın və Laçın dəhlizində də yaşandığını görürük. Ona görə hesab edirəm ki, rus sülhməramlıların bu gün separatçılara dəstək verməsi, eyni zmaanda onlara kömək edərək Azərbaycan ərazilərində qanunsuz söküntü aparması Azərbaycan-Rusiya arasıdna ötən ilin dekabrında imzalanamış əməkdaşlıq sazişinin ruhuna da ziddir. Hesab edirəm ki, bütün bu fəaliyyətlərin qarşısının alınması zamanı Azərbaycan-Rusiya münasibətləri baxımından da ciddi neqativ tendensiyaların şahidi ola bilərik”.
Aynurə Pənahqızı Demokrat.az


