Mədəniyyət Özəl

“Hisslərim bir müsahibəyə sığmaz…” — Taleh Mansur

“Hisslərim bir müsahibəyə sığmaz…” — Taleh Mansur

Qədim Azərbaycan torpağı Şuşa növbəti dəfə unudulmaz mədəniyyət tədbirinə ev sahibliyini möhtəşəm şəkildə yekunlaşdırdı.

Vaqif Poeziya Günlərində iştirak edən və yüksək təəssüratlarla Bakıya qayıdan şair Taleh Mansur Demokrat.az saytı ilə həmsöhbət olub.

“Hisslərim bir müsahibəyə sığmaz…” — Taleh Mansur
“Vaqif Poeziya Günləri Şuşanın azad olunması fonunda son iki ildə daha möhtəşəm bir şəkil alıb. Öz dövrünün böyük ziyalısı, dövlət xadimi və şairi Molla Pənah Vaqifin timsalında tam qırx ildi keçirilməsi ənənə halına almış poeziya günlərində iştirak etmək digər qələm dostlarım kimi məni də sevindirdi. Duyğuların, hisslərin, kədər və sevincin, söz və musiqin, ən əsası, qürurun müşaiətində belə bir əsrarəngiz poeziya şölənində iştirak etməkdən doğan hisslərin sözlə ifadəsi bir müsahibəyə və yazıya sığmasa da, Şuşada yaşananlar bütün şair və yazarların, eləcə də sənət adamlarının yaddaşında hələ uzun illər, bəlkə də, bir ömür qalacaq. İstər böyük şairin məqbərəsi önündə qazi şairlərimizin, Xalq şairlərinin və Xalq yazıçılarının çıxışları, istərsə də Cıdır düzündə düzənlənmiş möhtəşəm konsert tədbiri bir yazar kimi mənim də düşüncə və yaddaşımda, heç şübhəsiz, öz silinməz izlərini buraxdı. Hər qürur və könüloxşayan məqamda ağlımda və dilimdə canını vətən yolunda fəda etmiş vətən oğullarına rəhmət, bu günləri bizə yaşadan qazilərimizə sonsuz təşəkkür, insani sevgi qərar tutmuşdu. Tanrı Ali Baş Komandanımızı, dövlətimizi, ordumuzu, sözümüzü, Şuşamızı, Qarabağımızı, bütün Azərbaycanımızı qorusun!”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az