Bu gün Azərbaycanlı aktrisa, İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Məlahət Abbasovanın doğum günüdür.
Sevilən aktrisa 56 yaşını qeyd edir. Bu münasibətlə Demokrat.az aktrisanı təbrik edib, onun yeni yaradıcı uğurları ilə maraqlanıb:
“Təbrikləriniz üçün təşəkkür edirəm. Minnətdaram ki, məni yada salmısınız. Gecə saat 12-ni keçəndən bəri təbriklər alıram. Təbii ki, biz sənət adamları çox xırda, cüzi şeylərlə xoşbəxt oluruq. Azərbaycanda-vətəndəyəm, qızımla gəlmişəm. Əzizlərimin, doğmalarımın ətrafında doğum günümü qeyd edirəm. Xoşbəxt olmağa daha nə lazımdır?! Sənət adamının arzusu nə ola bilər? Yalnız sənət adına gözəl işlər görmək. Mən də buna görə çalışıram. Azərbaycanın adını yaşadığım qardaş ölkədə hər zaman uca tutmağa çalışıram.”
Aktrisa yaradıcı fəaliyyətindəki yeniliklərindən və son zamanlar ərzində gördüyü işlərdən danışdı:
“Bu boyda Türkiyədə Azərbaycan teatrını təmsil edən iki insan var, onlardan biri Cahangir Zeynalov, digəri isə mənəm. Bu baxımdan üzərimizə böyük yük düşür. Bir növ əsərlərimizi orada tanıtmaq bizim missiyamızdır. Nə qədər ki, canım sağdır hər zaman yaradıcılığımda Azərbaycan əsərləri olacaq. Aprel ayında Hüseyn Cavidin “İblis” əsərinin Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilməsi məni hədsiz sevindirdi. Bu əsəri 2019-cu il, aprelin 17-də İstanbul Şəhər Teatrlarında səhnələşdirmişdim, böyük premyerası baş tutmuşdu. Artıq repertuara daxil edilib. İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrı hesab olunur. Bu gün repertuarımızda 15-dən çox Azərbaycanlı yazıçının əsəri var. Nə qədər ki, bu teatrdayam Azərbaycan əsərlərinin sayını çoxaltmaq istəyirəm.”
O, Şuşaya səfərindən də söz açıb və bunu ən böyük arzularından birinin reallığı kimi dilə gətirib:
“Şuşada ilk dəfə olurdum. Mənim anam əslən Cəbrayıl rayonundandır. Birinci Qarabağ müharibəsində bibim oğlu, İkinci Qarabağ müharibəsində isə 4 qohumum şəhid olub. Biz nəsil olaraq hər zaman dövlətimizə, xalqımıza xidmət etməyimizlə fəxr etmişik. Ona görə Şuşa da hər zaman içimdə həssas hisslər oyadıb.
Oranı görməyi çox istəyirdim, qismət oldu, çox şükür!”
Məlahət Abbasova qeyd edib ki, Türkiyədə yaşamasına baxmayaraq, qəlbində hər zaman Qarabağ yarası olub. “Artıq bu acı, bu yara sağalıb. Müzəffər Ali Baş Komandanımızın, Ordumuzun sayəsində Qarabağımız işğaldan azad edilib. Mən hər zaman inanırdım ki, işğala son qoyulacaq və mən mütləq Şuşaya, Cəbrayıla gedəcəyəm”
Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən aktrisa Məlahət Abbasova bu səbəblə çox xoşbəxt olduğunu söyləyib. O, Vətən müharibəsi zamanı xaricdə çoxsaylı mitinqlər keçirdiklərini deyib. Vurğulayıb ki, Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlı “Dəmir yumruğ”un parçalarıdır.


Gülçin Qorxmaz Demokrat.az


