Gündəm Özəl

“Yoluxmanın artması 4-cü dozanın vurulmasını gündəmə gətirir” — AÇIQLAMA

“Yoluxmanın artması 4-cü dozanın vurulmasını gündəmə gətirir” — AÇIQLAMA

Dünyada may ayının sonundan etibarən koronavirusa yoluxma hallarında artım qeydə alınıb. Bu, xüsusilə Asiya və Yaxın Şərqdə müşahidə olunur. Belə ki, İsraildə artıq günə təxminən 10 min yoluxma qeydə alınır ki, bu da aprelin əvvəlindən bəri ən yüksək göstəricidir. Ölkənin Səhiyyə Nazirliyi yeddinci dalğanın başladığını elan edib. Bu məqsədlə yerli xəstəxanalarda koronavirus şöbələri yenidən açılır. Həmçinin, ölkədə karantin tədbirlərinin gücləndirilməsi istisna deyil.

Bir sıra Avropa ölkələrində də yoluxma halları kəskin artıb. Almaniyada keçən həftə ilə müqayisədə təxminən dörddə bir, İtaliyada isə iki dəfə artıb. Bundan başqa, İngiltərə, Belçika, Avstriya və digər ölkələrdə cüzi artım qeydə alınıb. Qonşu Gürcüstandan sonra İspaniya da buster doza ilə bağlı qərar qəbul edib. Pireney yarımadasında əhaliyə dördüncü doza vaksin vurulması planlaşdırılır. Bunun hələki payızda reallaşacağı qeyd olunur.

Tailandda isə vəziyyət ürəkaçandır. Ölkə “COVID-19”la bağlı məhdudiyyətləri ləğv edir. Gələn həftədən açıq məkanlarda maskadan istifadə tələbi aradan qaldırılacaq. Əcnəbilər üçün vaksin sertifikatı və ya mənfi nəticəli “COVID-19” testinin tələbi iyulun 1-dən ləğv ediləcək.

Bəzi ölkələrin 4-cü doz peyvəndlə bağlı aldığı qərarlar, ölkəmizdə də bu məsələni aktualaşdırır.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin infeksion nəzarət təşkili şöbəsinin əməkdaşı Turan İbrahimova Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ nəzarətdə saxlanılır, amma yoluxma sayının artması 4-cü dozanın vurulmasını gündəmə gətirir.

“Yoluxmanın artması 4-cü dozanın vurulmasını gündəmə gətirir” — AÇIQLAMA

“Bəzi ölkələrdə “COVID-19”a yoluxma sayında artım müşahidə olunması koronavirusa qarşı 4-cü doza peyvəndin vurulmasını da gündəmə gətirir. Lakin bununla bağlı onu deyə bilərəm ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində “COVID-19”a qarşı 4-cü peyvəndin tətbiqi ilə bağlı heç bir məlumat yoxdur. Aidiyyatı qurumlar bu məsələni izləyir və ehtiyac duyulduğu təqdirdə, vətəndaşlara məlumat veriləcək.”

Dünyada koronavirusa yoluxanların sayının artması ciddi narahatlıq yaradır. Bəs Azərbaycanda bu vəziyyət necə qiymətləndirilir?

“Ölkəmizlə bağlı bunu deyə bilərik ki, hazırda yoluxma saylarında və xəstəxanalarda stasionar müalicə alan “COVID-19” xəstələrinin sayında artım müşahidə olunmur. Lakin gələcək üçün bunu əvvəlcədən planlaşdırmaq qeyri- mümkündür. Bu gün üçün deyə bilərik ki, yoluxma sayları nəzarət altındadır.”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az