Vətən müharibəsi ilə torpaqlarımızda işğala son qoyan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi Zəfərin qazanılmasında əməyi keçən hər kəsə xüsusi diqqət ayırır, ələlxüsus şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunur.
Müharibənin başa çatmasından sonra Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial dəstək layihələri bunun təsdiqidir.
Şəhid ailələri və qazilərimizə mənzil və işlə təmin edilməsindən tutmuş sosial müavinətlərin verilməsinə qədər bütün istiqamətlərdə dəstək verilir. Bunu şəhid ailələri və qazilərin çıxışılarından da görmək mümkündür, eləcə də faktlar real vəziyyəti göstərir.
Postmüharibə dövründə sosial dəstək tədbirlərinin 100 min şəxsi əhatə etməsi, 190 min xidmətin göstərilməsi reallığın rəqəmlərdə əksi hesab oluna bilər.
Ən mühüm məqamlardan biri şəhid ailələri və qazilərin bürokratik əngəllərlə üzləşmədən, elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlərlə təmin edilməsidir. Artıq “Müharibə veteranı” olan şəxslərə Prezidentin aylıq təqaüdünün təyin edilməsi bu ilin əvvəlində yekunlaşıb. İndiyə qədər şəhid ailələrinin üzvlərinə və qazi olan 93 min şəxsə 104 min sosial ödəniş edilib. 
Buna paralel olaraq, ötən ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, bu ilin əvvəlindən isə sosial müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub. Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70 faiz, yaşa görə orta aylıq pensiya 75 faiz artıb.
Mənzillə təminat 

Şəhid ailələrinin üzvləri və qazilərin məşğulluq problemi əsaslı şəkildə həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədən sonra 12 mindən artıq şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb edilərək, onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb. 
Tibbi xidmət
Müharibədə yaralanmış şəxslərin müalicəsi əsaslı şəkildə aparılır, o cümlədən, əlilliyin təyin edilməsi prosesi sürətli həyata keçirilir. ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları yaralı hərbçiləri evlərində və ya müalicə aldıqları xəstəxanalarda ziyarət edərək, ilkin müayinə və qeydlər aparıblar. Növbəti mərhələdə aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya tərəfindən həmin qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işləri yerinə yetirilib. Müvafiq sənədlər elektron sistemlərə daxil edildikdən sonra agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Qazilərin əlillik müddətləri bitdikcə və sənədləri əlillik üzrə e-sistemə daxil edildikcə, bu qiymətləndirmələr davam edir. Ümumilikdə, son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib, bu ilin 5 ayında da əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib. 
Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. Eyni zamanda, qazi və şəhid ailələrinin üzvlərindən ibarət 2 954 ailənin 5 min üzvünə sosial-psixoloji dəstək göstərilib.
Faktlar şəhid ailələri və qazilərimizin dövlətin tam qayğısı ilə əhatə olunduğunu əks etdirir. Dövlət öz üzərinə düşəni ən yüksək səviyyədə yerinə yetirir, biz də cəmiyyət olaraq onların daim yanında olmalıyıq. Çünki Zəfərimizin qazanılmasında iştirak edənlərin hər birini yaxından tanımasaq belə, onların hər birinə borcluyuq.
Vaqif Hüseynli Demokrat.az


