Gündəm Özəl

Ekspert: “Heç bir MTK icazəsiz daşı daş üstə qoya bilməz”

Ekspert: “Heç bir MTK icazəsiz daşı daş üstə qoya bilməz”

Bakı şəhərini tikinti bumu bürüyüb. Paytaxtda bir-birindən əzəmətli göydələnlər, hündürmərtəbəli yaşayış evləri, inzibati binalar inşa edilib, lakin çox vaxt tikinti normaları gözlənilməyib.

Mövzu ilə bağlı Demokrat.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, istənilən ərazidə tikinti işi aparılan zaman tikinti normalarına riayət edilməlidir:

“Tikinti zamanı diqqət edilməli məqamlar var. Hər bir mənzil normal havalanmalı, günəş işığı mənzillərə paralel düşməli, nəmişlik və rütubət kimi problem yaranmamalıdır. İstənilən tikinti zamanı bu normalar qorunmalıdır. Biz köhnə yaşayış binalara baxanda onlar arasında məsafələr olduğunu, yaşıllıqların, uşaq əyləncə mərkəzlərinin, parkinqlərin olduğunu görürük. Yəni, onlarda bu kimi şeylər nəzərə alınmışdır. Amma indi 15-16 mərtəbəli binalar tikirlər, ancaq ara məsafəsi yaxın, yaşıllıq əraziləri, uşaq əyləncə mərkəzləri üçün yerlər nəzərə alınmayıb. Həmçinin, avtomobillərin saxlanılması üçün parkinq yerləri olmadığı üçün boş sahələrdə avtomobillər saxlanılır. Təbii ki, bu, ciddi problemlər yaradır. Binaların bir-birinə yaxın olması səbəbindən hündürmərtəbəli binalarda işıqlandırmada problem var və evlərə işıq düşməyəndə isə bir çox xəstəliklər yaranır. Köhnə layihələrə biz baxsaq bütün mənzillər yelçəkəndir. Yəni, onların havalandırması da nəzərə alınıb”.

Ekspertin sözlərinə görə, binaların bir-birinə yaxın olması insanlarda optik zəifliyə gətirib çıxarır:

Ekspert: “Heç bir MTK icazəsiz daşı daş üstə qoya bilməz”

“Çünki ara məsafəsi uzaq olduqca, göz uzağa-yaxına baxıb işlədikcə, o gözlər sağlam olur. Amma yaxın məsafədə nə qədər çox baxsaq, nə qədər uzağı görməsək bir o qədər uzaqgörmədə ciddi problemlər yaranır”.

Ekspert bildirib ki, Bakı şəhərində indiyə qədər tikilən binaların böyük əksəriyyətində normativlər kobud şəkildə pozulub:

“Əvvəllər uşaq bağçaları 1 hektar ərazidə tikilirdi. Həmin uşaq bağçalarının indi əksəriyyəti hündürmərtbəli binalarla əvəzlənib. Uşaq bağçaları sadəcə binanın birinci, ikinci mərtəbəsində olur, ya da 7-8 ortaq kirayələyib oranı bağça kimi istifadə edirlər. Buna da əslində bağça demək olmaz, sadəcə burada uşaqlara baxırlar”.

E.Fərzəliyev yol qırağında tikilən binalarda xüsusən problemlərin olduğunu vurğuladı:

“Binların əksəriyyəti yol kənarında tikilib və bunların bütün altı olur qeyri-yaşayış obyektləri. Və bu, birinci mərtəbələr əksər hallarda marketlər olur və avtopark yerləri nəzərə alınmır. Vətəndaş gəlib avtomobilin saxlayır, düşür marketə, çıxanda isə 20 manat cərimə yazırlar. Binalar tikilərkən aiddiyyatı qurumlar şərt kimi qoymalıdır ki, binalar yoldan kənarda tikilsin, parkinq yeri olsun. Ən azından iaşə obyektlərinə gələn şəxslər üçün yerlər olmalıdır ki, tıxac yaranmasın. Ümumiyyətlə, bir faktı qeyd edim ki, bunlara icazə verməsələr tikməzlər. Bu sahə ilə bağlı məsulliyyət aidiyyatı qurumlar üzərindədir. Heç bir MTK icazəsiz daşı daş üstə qoya bilməz. Çünki çox sayda qurumdan qeydiyyatdan keçirlər və ondan sonra tikintiyə icazə verilir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az