Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə media reyestrinin yaradılmasına sayılı günlər qaldığını deyib.
Məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov Demokrat.az-a açıqlama verib.
“Ümumiyyətlə, Azərbaycanın jurnalist ictimaiyyəti media məkanında nizam-intizamın yaradılmasını arzulayıb. İllərdir ki, bu mövzu, eləcə də jurnalistikamızın saflaşması məsələsi çoxsaylı toplantılarda müzakirə predmetinə çevrilib, müxtəlif təklif və təşəbbüslər irəli sürülüb. Bu baxımdan media reyestri müəyyən mənada arzu və istəklərin reallaşmasının təminatı baxımından bir növ yeni platformadır. Hər halda ondan gözləntiləri təhlil edərkən belə qənaətə gəlmək mümkündür.
Bilirsiniz, istənilən məsələdə uğurun əldə edilməsi yanaşmadan asılıdır. Əsas niyyətdir, iradədir, məsuliyyətdir. Hiss etdiyim qədərilə media reyestri məsələsinə, ümumən “Media haqqında” Qanunun hazırlanmasına olduqca məsuliyyətli yanaşıldı. Bununla əlaqədar çoxsaylı, geniş spektrli müzakirə aparıldı. Hər kəs özü fikrini dedi, ayrı-ayrı baxışlar nəzərə alındı.
Media reyestrinin tətbiqi ilə hansı müsbət dəyişikliklər olacaq, hansı inkişaf dinamikası nəzərə çarpacaq, perspektivdə nələrin baş verəcəyini söyləmək bir qədər tezdir. Ancaq bildirdiyim kimi, indiyədək işə məsuliyyətli yanaşmanın ortaya qoyulması gələcək fəaliyyətin icrasına da məsuliyyətli münasibət göstəriləcəyini söyləməyə ciddi əsas verir. Real iş olan yerdə, uğurlar özünü gözlətmir. Mən nikbinəm”.
Aynurə Pənahqızı Demokrat.az


