İkilistandartlara bürünən UNESCO isə reallıqdan tamamən uzaq dayanır .
ABŞ Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı Hesabatında yer alan məqamları beynəlxalq qurumların, xüsusilə UNESCO-nun Ermənistanın Qarabağda yüzlərlə tarixi abidələri, məscidləri, qəbirləri, vandalizmə, təhqirlərə məruz qoymasına susqun münasibəti fonunda müsbət qiymətləndirmək mümkündür. Baxmayaraq ki, hesabatda Ermənistanda dağıdılan Azərbaycan xalqının milli-mədəni irsi ilə bağlı faktlara, ümumiyyətlə toxunulmayıb.
Hansı ki, erməni faşizmi, vandallığı təkcə işğal olunmuş ərazilərimizdə baş verməyib. Erməni vandalları indi Ermənistan ərazisi olan bölgələrdə azərbaycanlıların bu torpaqlarda tarixən mövcud olmalarına aid nə varsa məhv etmək, tarixi-memarlıq abidələri yer üzündən silmək, qəbiristanlıqları (500-dən çox qəbristanlıq məhv edilib) belə dağıtmaq istiqamətində davamlı iş aparıblar. Təkcə bir faktı vurğulamaq yerinə düşər ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300-dən artıq məscid qeydə alınıb. Bu gün isə Ermənistan ərazisində, yəni İrəvan şəhərində yalnız Göy məscidi qismən salamat qalmış hesab etmək olar. Ermənilər bu yeganə məscidi isə sırf beynəlxalq ictimaiyyət qarşısında gözdən pərdə asmaq üçün salamat saxlayıblar və onu da “fars məscidi” kimi təqdim edirlər.
Ötən əsrin əvvəllərindən ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm aktları nəticəsində indiki monoetnik Ermənistan dövləti ortaya çıxıb. 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində isə 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulub.
Bütün bunlara ABŞ Dövlət Departamentinin hesabatında, ümumiyyətlə toxunulmaması təbii ki, acı təəssüf doğurur. Ermənistanın məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silməsi, mədəni irsini talaması, dağıtması, özününkiləşdirməsi və mənşəyini dəyişdirməsi faktlarını görməzdən gəlmək ikili standartların təzahürü deyilmi? Ümid edək ki, gələcək hesabatlarda bu məsələyə də diqqət ayrılacaq. Bu olmasa, hesabatın tam obyektivliyi yenə də şübhə altına düşəcək.
Bu yarımçıqlığa rəğmən Departamentin hesabatında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələrin, o cümlədən, regionun etnik azərbaycanlıların istifadə etdiyi məscidlərin, ziyarətgahların talan edilməsi, vandalizmə, təhqirlərə məruz qalması və ya tamamilə dağıdılması ilə bağlı məsələlərin yer almasını alqışlamaq lazımdır.
Maraqlıdır ki, bu münasibəti, tam olmasa belə, UNESCO-dan görmək hələ də mümkün olmur. Bu qurum erməni vandalizmi qarşısında ədalətsiz, aciz təsir bağışlayan mövqeyini dəyişmir. Azərbaycan xalqının çoxəsrlik tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün ekspert qrupunun göndərilməsi ilə bağlı müraciət hələ də müsbət həllini tapmayıb.
Məgər mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulması demək deyilmi?
Xatırlatmaq vacibdir ki, hələ işğal dövründə Azərbaycan həmin ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət etsə də, qurum bundan imtina etmişdi. Bəhanə isə o idi ki, UNESCO siyasi məsələlərə qarışmır. İşğal bitdikdən sonra rəsmi Bakının israrları nəticəsində UNESCO bölgəyə missiya göndərməyə qərar verdiyini bildirsə də, hətta missiyanın artıq yaradıldığı mesajı verilsə də, irəliyə doğru hansısa addım atılmadı. UNESCO-nun bölgəyə missiya göndərsə, hansı mənzərə ilə üzləşəcəyi bəllidir. Azad edilmiş torpaqlarda indiyə qədər bəşəriyyətə məlum olmayan erməni faşizminin izlərini görməklə yanaşı, ermənilərin tarixi abidələrə, insanlığa qarşı vəhşiliyinin ölçüyəgəlməzliyinin şahidi olacaq. Buna görə də Ermənistan bu missiyaya qarşıdır və fakt budur ki, UNESCO aciz şəkildə öz missiyasını yerinə yetirə bilmir, ikili standartlara bürünməkdə davam edir.
Beynəlxalq qurumlar, xüsusilə UNESCO öz məsuliyyətini dərk edərək ədalətli mövqedən çıxış etməlidir. Heç bir ümumbəşəri dəyər tanımayan Ermənistana görə öz imiclərinin tamamilə korlanması bu qurumlara başucalığı gətirmir.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


