Gündəm Özəl

“İnsanlar çox cüzi ödənişlə çimərlikdə istirahət edə bilərlər” — Deputat

“İnsanlar çox cüzi ödənişlə çimərlikdə istirahət edə bilərlər” — Deputat

Hər il olduğu kimi bu dəfə də çimərlik mövsümünün başlanması ərəfəsində dəniz kənarlarının hasarlanması məsələsi gündəmə gəlir. Bakıda elə bir ərazi adı çəkmək olmaz ki, orada dənizin kənarı özəl istirahət mərkəzləri tərəfindən tutulmasın və ya kimliyi naməlum şəxslər tərəfindən hasarlanmasın. İstər “Şıxov”, Novxanı, istərsə də Qaradağ, və Sahil çimərliklərində bütün yararlı ərazilər tutulub, özəlləşdirilib və giriş haqları sadə vətəndaşların büdcəsinə uyğun olmur. Bu səbəbdən də əhali dənizin ən gözəl yerlərindən məhrum olub. Bəzi ərazilər isə sadəcə hasarlanıb, yolboyu insanlar dənizin 4-5 metrliyindən keçsələr də, hündür hasarlar onları bu mənzərədən məhrum edir. Bəs, insanlar nə vaxtadək dənizə girmək üçün dəniz qırağını hasara alanlara pul ödəyəcək ?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlama verib. Deputat hesab edir ki, dəniz kənarına dincəlməyə gedərkən insanlar özləri seçim etməlidirlər:

“Ümumiyyətlə, hesab edirəm ki, vətəndaşlarımız çimərliklərə gedərkən özləri seçim etməlidirlər. Burada seçim dedikdə çimərliklərin həm ödənişli, həm də pulsuz olmasını nəzərdə tuturam. Yəni, insanlar çox cüzi miqdarda ödənişlə çimərliyə daxil olub, orada istirahət edə bilərlər. Düzdür, yay mövsümündə xüsusi şirkətlər var ki, yerlər götürür və onlar həmin ərazilərdə lazımi infrastruktur yaradırlar. Məsələn, orada uzanmaq üçün yerlər yaradırlar, oranın təmizliyinə riayət edirlər ki, ərazidə məişət tullantıları olmasın. Təbii ki, sərin sular, yemək, maşınlara baxmaq üçün də dəniz kənarında şərait yaradılmalıdır. Onda buna görə, insanlar müəyyən qədər maliyyə ödənişi ödəyə bilərlər. Amma yenə deyirəm ki, bu seçim əsasında olmalıdır, yəni pulsuz və ya ödənişlə. Bir fərqi də qeyd edim ki, ödəniş zamanı müəyyən qədər rahatlıq olacaq".

Deputat sonda qeyd edib ki, son vaxtlar dəniz kənarında tikilən qeyri-qanuni hasarların bir çoxu artıq ləğv olunub. Həmçinin,Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva pulsuz çimərliklər də yaradılıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az