Abşeron rayonunda 1986-cı il təvəllüdlü Kürdoğlu şəxsi münasibətlər zəminində arvadı Aidəyə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 iyul 2021-ci ildə Masazır kəndində baş verib. Kürdoğlu müvəqqəti yaşadığı qardaşına məxsus evdə arvadı Aidə ilə aralarında ailə münasibətləri zəminində münaqişə yaranıb.
Münaqişə zamanı Kürdoğlu evdən götürdüyü bıçaqla arvadının bədəninin müxtəlif nahiyələrinə vurub.
İstintaq orqanı tərəfindən Kürdoğlu Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Bu cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Rəşad Əliyevin sədrliyi ilə araşdırılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kürdoğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aidə ilə maddi imkansızlıq və digər ailədaxili məsələlərlə bağlı aralarında mübahisələr baş verib: “Maddi vəziyyətlərimin çətin olması ilə bağlı hətta biz kirayəyə ev tuta bilmədik. Hadisədən iki ay əvvəl məcbur olaraq qardaşım İbadətin Masazır qəsəbəsində yerləşən evinə köçdük. İbadətin evinə köçməyimizdən Aidə narazı qaldı və mübahisələrimiz daha da böyüdü”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İbadətin ailə üzvləri və anası Aidənin bibisi oğlunun toyunda iştirak etmək üçün qabaqcadan toyun keçiriləcəyi Qusar rayonuna gediblər: “Lakin maddi imkan olmadığına görə, Aidəyə icazə vermədim. Bununla bağlı iyulun 17-də saat 17-18 radələrində evdə ikimizdən başqa heç kim olmayanda aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək özümdən çıxdım, bıçaqla Aidəni vurdum”.
Kürdoğlu deyib ki, bundan sonra yardım göstərilməsi üçün Aidəni qonşuluqda yaşayan qohumlarına təhvil verib: “Özüm gedərək polisə təslim oldum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aidənin sözlərinə görə, günahı özündə görür: “Çünki Kürdoğlunu əsəbləşdirdim, özündən çıxardım. Onunla barışmışam, şikayətim yoxdur”.
Kürdoğlunun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.
Fariz Məlikli Demokrat.az


