“Rusiyanın yaxın illərdə parçalanması gözlənilir”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov Demokrat.az-a Rusiya-Ukrayna müharibəsini şərh edərkən deyib. Analitik bildirib ki, əgər Rusiyanın parçalanması gözlənilməsəydi müharibə çoxdan başa çatmışdı:
“Əslində, Rusiya-Ukrayna müharibəsi plana görə çoxdan bitməli idi. Amma baş verən proseslər planları tamamilə pozdu. Planların pozulmasının başlıca səbəbi isə Ukrayna xalqının rus ordusuna müqavimət göstərməsi oldu. Çünki bu müqavimətin bu səviyyədə olacağına nə Avropa, nə də Rusiya hazır deyildi. Rusiya düşünürdü ki, üç günün ərzində Kiyevi alacaq və orada qələbə paradı keçirəcək. Avropa da elə bilirdi ki, Ukrayna xalqı müqavimət göstərməyəcək və Rusiya asanlıqla Kiyevə yerləşəcək. Təbii ki, ondan sonra hər şey fakt qarşısında olacaq və Rusiaynın qələbəsini qəbul ediləcək. Əlbəttə ki, gözlənildiyi kimi planlar baş tutmadı”.

Planların pozulmasıyla Rusiya prezidenti Vladimir Putinin çıxılmaz vəziyyətdə düşdüyünü qeyd edən müsahibimiz əlavə edib ki, amma Rusiya heç vaxt bu məğlubiyyəti həzm edə bilməyəcək və proseslərin bundan sonra daha da kəskin hal alacağı istisna olunmur:
“Rusiya dünyada elə bir dövlətdir ki, heç vaxt uduzmaq və geri addım atmaq istəmir. Nəyin bahasına olursa-olsun bu müharibəni udmaq istəyir. Hətta, taktiki nüvə silahından istifadə etməyə qədər gedə bilər. Bilirsiniz ki, bunu bir neçə dəfə Putinin özü də açıqlayıb. Ona görə də, Rusiyadan hər cür hərəkət gözləmək olar. Rusiya çox yaxşı başa düşür ki, onun Ukraynaya qarşı başlatdığı müharibə Avropa və ABŞ ilə üz-üzə gəlməsiylə də nəticələnə bilər. Düzdür, bu dəqiqə Rusiya ordusu daha çox Avropa və Amerika silahlarına qarşı vuruşur”.
F.Abbasov hesab edir ki, bu müharibədə Rusiyanın parçalanması istisna deyil:
“Rusiya tərəfi yaxşı başa düşür ki, əgər uduzsa, birinci növbədə Putinin iqtidarına son veriləcək, ikinci növbədə isə Rusiyanın parçalanma prosesinə başlanğıc veriləcək. Bu proses 10 il də, 20 il də çəkə bilər. Təbii ki, Rusiyanın Ukraynanı itirməsi ilə bu prosesə başlanğıc veriləcək. Ən dəqiq olacaqları hadisələr göstərəcək və onun üçün nələr olacağını hələ dəqiq proqnoz etmək bir qədər çətindir”.
Aynurə Pənahqızı Demokrat.az


