Xəbər verdiyimiz kimi, aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüş keçirilib. Görüş başa çatdıqdan sonra hər iki ölkə başçılarının iştirakı ilə Azərbaycan-Qırğızıstan arasında sənədlər imzalanıb.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycanla Qırğızıstan arasındakı münasibətlərin bu mərhələyə çatdırılması iki ölkə rəhbərləri arasında etimad mühitinin yüksək səviyyədə olmağının göstəricilərindən biridir. Onun sözlərinə görə, Qırğızıstan Mərkəzi Asiyanın önəmli ölkələrindən biridir:
“Eyni zamanda, Azərbaycan Qırğızıstanla Türk Dövlətləri Təşkilatında və müxtəlif platformalarda əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanla Qırğızıstan arasında indiyə qədər yüksək münasibətlər olsa da, dünən Bakıda Prezidentlə Qırğızıstan prezidenti arasında strateji əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı sazişə imza atıldı. Bu sazişdə bir çox sahələr üzrə Azərbaycan-Qırğızıstan münasibətlərinin daha da inkişaf etdirilməsi, yüksək səviyyəyə çatdırılması nəzərə alınıb”.

Ekspert qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda mühüm ölkədir:
“Qırğızıstanda Mərkəzi Asiyanın kilid və kontrol ölkələrindən biridir. Bu baxımdan Azərbaycanın elm, təhsil, iqtisadiyyat da daxil olmaqla, bir çox sferalar üzrə Qırğızıstanla əməkdaşlığının daha da dərinləşdirilməsi və yüksək səviyyəyə çatdırılması iki ölkənin gələcək birgə əməkdaşlıq prespektivləri baxımdan da mühüm əhəmiyyətə malikdir. Azərbaycan Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması düşünürəm ki, Mərkəzi Asiya regionu ilə Cənubi Qafqaz arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq. Bütövlükdə isə 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra ölkəmizin nəqliyyat infrastrukturu baxımdan inkişaf edən dəyərlər sisteminin və iqtisadi inkişafının növbəti addımlarında Qırğızıstandan yeni iqtisadi layihələrin cəlb edilməsi məsələsi də aktuallaşa bilər. Bu baxımdan? Azərbaycan-Qırğızıstan münasibətlərinin belə bir həssas dönəmdə strateji tərəfdaşlıq səviyyəsinə çatması mühüm əhəmiyyət malikdir. Bu,Türk Dövlətləri Təşkilatı nəzdindəki ölkələrin ikitərəfli əlaqələrinin dərinləşdirilməsinə rəvac verə bilər”.
Aynurə Pənahqızı Demokrat.az


