"Baxıram, xəbər yayılıb ki, 15 yaşlı oğlan anasını öldürdü. Bu tipli informasiyaların cəmiyyətə vurduğu ziyan barədə həmişə düşünmüşəm. Həm vətəndaş kimi, ən əsası da Mətbuat Şurasının sədri olaraq. Jurnalistlərə yönələn tövsiyələrimizdə bildirmişik ki, hər bilgi xəbər deyil".
Demokrat.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
Qurum sədri bildirib ki, bilginin, məlumatın xəbər olması üçün onun ictimailik dərəcəsi mütləq nəzərə alınmalıdır:
"Yəni düşünək görək, 15 yaşlı oğlanın anasına qəsd etməsində nə dərəcədə ictimailik var? Xəbərin yayılması həmin hadisəni törədən şəxsə, indiki halda yeniyetməyə qarşı ictimai qınaq tədbiri kimi nəzərdə tutula bilərmi? Məncə, bu, heç bir halda mümkün deyil. Elə isə haqqında bəhs etdiyim xəbər niyə yayılmalıdır? Dediyim kimi, bir qayda olaraq jurnalistləri məzəmmət edirik. Bəli, yuxarıda qeyd etdiyim məqamlara görə onların da təqsiri var. Ancaq xəbəri yayan saytları oxuyuram. Hamı eyni mənbəyə istinad edir. Mənbə isə Nizami Rayon Prokurorluğudur. Açığı, bu yerdə deyəcək söz tapmaq çox çətinləşir. Olmazmı ki, ilk mənbə rolunda çıxış edən dövlət qurumu məsələyə həssas yanaşsın? Olmazmı ki, hadisənin ictimailik dərəcəsini hesablasın? O cümlədən cəmiyyətdə doğura biləcəyi emosiya da. Hər halda mümkündür. Sözüm ondadır ki, informasiya amili hər bir cəmiyyət, habelə Azərbaycan cəmiyyəti üçün də son dərəcə mühümdür. Yaxşı olardı ki, onun hazırlanması və yayılmasında iştirak edən qütblər işlərinə həssas yanaşsınlar. Unutmayaq ki, bu yanaşma hər birimiz üçün vacibdir. Ən əsası həssas yanaşmanın heç bir halda cəmiyyətin informasiya tələbatının ödənilməsinə zidd təmayül olmadığı şübhəsizdir"
Leyla Demokrat.az


