“Rusiya son vaxtlar geopolitik labirintə düşüb və çıxa bilmir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. Analitik qeyd edib ki, Ukrayna savaşında ağır duruma düşməsi Rusiyanın MDB məkanında da hegemon mövqelərini ciddi şəkildə zəiflədib:
“Hətta Paşinyan hakimiyyəti belə, son vaxtlar Ermənistanı Rusiyanın forpostu statusundan çıxartmağa çalışır. Digər tərəfdən, ABŞ və Qərb Cənubi Qafqaz regionunu Rusiyanın nəzarət dairəsindən çıxartmaq üçün konkret addımlar atmağa başlayıb. Azərbaycan-Ermənistan sülh danışıqları prosesinin Rusiyanın vasitəçiliyindən uzaqlaşdırılıb, Brüssel formatı üzərindən nizamlanmasına cəhd göstərilir. Yəni, Rusiyanın Cənubi Qafqazda oyundankənar vəziyyətə salınması prosesi yeni mərhələyə keçib. Təbii ki, Kremldə Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqları prosesində vasitəçilikdən uzaqlaşdırılmaq üzrə olduğunu artıq anlamağa başlayıblar. Ona görə də, Kreml israrla bu prosesdə vasitəçilik missiyası qorumağa can atır. Hətta bu prosesə nəzarət imkanlarını qorumaq üçün Kreml Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsini də təyin edib”.
Politoloqun sözlərinə görə, ancaq Azərbaycan və Ermənistan son vaxtlar Rusiyanın vasitəçiliyinə ehtiyac duymurlar:

“Belə ki, hər iki ölkə mövcud problemləri nizamlamaq üçün vasitəçilərin iştirakı olmadan birbaşa təmaslara üstünlük verməyə başlayıb. ABŞ və Qərb, eləcə də Türkiyə Azərbaycan və Ermənistana sülh sazişinin hazırlanması prosesində birbaşa təmaslara üstünlük verməyi məsləhət görür. Eyni proses Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması prosesinə də aiddir. Belə ki, Kreml bu prosesdə də vasitəçilik etmək istəsə də, Türkiyə və Ermənistan xüsusi nümayəndələri Vyanada görüşmək barədə artıq razılığa gəliblər.Göründüyü kimi, Rusiya oyundan kənar vəziyyətə salınır, geopolitik proseslərdən kənarlaşdırılır. Əsas səbəb isə ondan ibarətdir ki, indiyə qədər Rusiyanın vasitəçilik etdiyi heç bir danışıqlar prosesi uğurla nəticələnməyib”.
E.Xalidbəyli əlavə edib ki, Kreml birmənalı şəkildə yalnız Rusiyanın maraqlarını təmin etməyə çalışır: “Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması prosesi də Rusiyanın maraqlarına tamamilə ziddir. Çünki bu iki Cənubi Qafqaz ölkəsi qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüklərini tanıyıb, sülh sazişi imzalasalar, Rusiyanın regionda hərbi iştirakına heç bir ehtiyac qalmayacaq. Yəni, Rusiya Cənubi Qafqazı tərk etmək məcburiyyətində qala bilər. Ona görə də, böyük ehtimalla Rusiya Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması üzrə danışıqlar prosesini pozmağa çalışacaq. Bu baxımdan, hazırda Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsi cəhdləri qarşısında ən ciddi əngəl rolunda məhz Rusiya çıxış edir”. Aynurə Pənahqızı Demokrat.az


