Son zamanlar tikinti bazarında qiymət artımı var. Satıcılar da bu faktı təsdiqləyir. Onlar deyir ki, qiymət artımı səbəbilə alıcıların sayında azalma var.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Demokrat.az-a bildirib ki, tikinti materialları ümumi tikintinin maya dəyərinin 45 faizini təşkil edir. Bu isə mənzil bazarında hündürmərtəbəli və həyət evlərinin qiymətinə ciddi təsir göstərəcək:

“Bu günə aprel ayının birini ötən ilin eyni dövrü ilə müqayisə etsək, tikinti materialları bazarında 19,08 faiz qiymət artımı var. Amma əsas tikinti materiallarını götürsək, əsas tikinti materiallarında 23,8 faiz qiymət artımı var. Elə tikinti materialı var ki, 35 faizdən də yuxarıdır.”

Ekspert vurğulayıb ki, qiymət artımı bütün tikinti materiallarında özünü göstərir. Yerli istehsal olan mişar daşı 9,1%, sement 9%, taxta materialları 27%, dikt 54,8%, armatur 20,8% bahalaşıb. Dəmir məmulatlarının qiyməti 34,6%, dam örtükləri isə 19,2% artıb.

“Tək tikinti materialları ilə məhdudlaşmır. Burada əmək qüvvəsinin də artımı və bildiyiniz kimi, minimum əməkhaqqı artdıqca ümumi orta əmək haqqı artır. Digər tərəfdən də bizdə tikintinin həcmində azalmalar da müşahidə edilir. Yəni, təkliflərdə bir tərəfdən maya dəyəri atır, digər tərəfdən də azalmalar var”, deyə ekspert qeyd edib.
Mövcud vəziyyətin əmlak bazarına təsiri isə ilin sonunda özünü göstərəcək. Gülçin Qorxmaz Demokrat.az


