Gündəm Özəl

Pakistanda yeni seçkilər Azərbaycanla münasibətlərə necə təsir edəcək? — ŞƏRH

Pakistanda yeni seçkilər Azərbaycanla münasibətlərə necə təsir edəcək? — ŞƏRH

Xəbər verdiyimiz kimi, Pakistan Milli Assambleyası Baş nazir İmran Xana etimadsızlıq göstərərək onu vəzifədən kənarlaşdırıb. Bu gün isə ölkənin yeni Baş nazirinin seçilməsi üçün səsvermə keçiriləcək. Maraqlıdır, bu ölkədə hakimiyyət dəyişikliyi baş tutsa, Azərbaycanla siyasi-hərbi əlaqələrə hansı təsirləri olacaq?

Sualımızı cavablandıran Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Demokrat.az-a açıqlamasında bildirib ki, bu ölkədə hökumət dəyişikliyi baş verərsə, bu, Azərbaycan-Pakistan münasibətlərinə mənfi təsir göstərməyəcək.

Politoloq qeyd edib ki, Azərbaycanla Pakistan arasında bir sıra sahələrdə çoxtərəfli əlaqələr üzrə müqavilələr var:

“Ümumiyyətlə, qeyd edim ki, Azərbaycanla Pakistan arasında münasibətlər fərdlərə görə qurulmayıb. Bu iki dövlət arasında münasibətdir. Çünki dövlətlərarası münasibətlər müqavilələrlə, razılaşmalarla tənzimlənib. Azərbaycanla Pakistan arasında da bir sıra sahələrdə müqavilələr var. Bu münasibətlər də o müqavilələr əsasında davam edir. İnanıram ki, bundan sonra da o istiqamətdə davam edəcək. Çünki namizədlərdən biri Ədalət Hərəkatının nümayəndəsidir. Yəni, İmran Xanın başçılıq etdiyi partiyanın nümayəndəsidir. Onun da qazanmaq şansı az deyil və keçmiş xarici işlər naziri olub. Pakistanda hökumət başçısının kim olmasından asılı olmayaraq hər zaman Azərbaycann-Pakistan münasibətləri normal olub. Azərbaycan Pakistan münasibətləri heç zaman enən xətt üzrə olmayıb, həmişə yüksələn xətt üzrə və davamlı-dayanıqlı inkişaf edib. İnanıram ki, bundan sonra da həmin münasibətlər davam edəcək”.

Politoloq vurğulayıb ki, dövlətlərdə rəhbərlərin dəyişməsi dövlətlərarası münasibətlərə təsir göstərmir:

“O halda ola bilər ki, dövlətdə tamamilə inqilab olsun və dövlətin xarici siyasət kursu dəyişsin. Pakistanda xarici siyasət kursununun dəyişəcəyi elan olunmayıb. Xarici siyasət kursunun dəyişəcəyi elan olunmadığından da onun xarici siyasi kursu dövlətin əvvəlki varislik prinsipinə əsaslanaraq davam edəcəyi gözlənilir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az