“Vaksin istehsalı əslində mürəkkəb bir texnologiyadır”.
Bunu Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı məsələni şərh edərkən deyib. Professor qeyd edib ki, müasir vaksinlər biotexnologiyanın, molekulyar biologiyanın ən müasir üsullarından istifadə edilməklə hazırlanır:
“Bununla yanaşı nisbətən köhnə üsullarla, yəni virusun inaktivasiya olunması yolu ilə hazırlanan vaksinlər də var. Amma istənilən halda Azərbaycanda vaksinin hazırlanmasına xüsusi ehtiyac duymuram. Hesab edirəm ki, birinci növbədə əczaçılıq sənayesini qurmaq lazımdır.

Xüsusən də, Azərbaycanda çox istifadə olunan dərmanları istehsal etmək lazımdır. Məsələn, diabet, qan təzyiqi əleyhinə olan dərmanları, habelə qanın laxtalanmasına hesablanan, antibiotiklər və s. istehsal etmək olar. Heç olmasa bunlar təmin edilərsə, yerli tələbat ödənilərdi. Təbii ki, gələcəkdə vaksin istehsalı nəzərdə tutula bilər. Yaxşı olardı ki, Azərbaycan öz daxili məhsulundan istifadə etsin. Amma əvvəlcə xırdalardan başlamaq lazımdır və onlar üçün lazımi infrastrukturu qurmaq gərəkdir. Sonra isə daha müasir texnologiyalar, daha müasir üsullara keçmək olar”.
A.Qeybulla qeyd edib ki, Azərbaycanda milli tibb sənaye qurulmalıdır: “Ölkəmizdə dərman mübadilə edilən dövlət reyestri təyin edilməlidir. Biz hansı dərmanların istehsalını, hansı dərmanların idxalına icazə veririk? Bütün bunlar hamısı əvvəlcədən nəzərdə tutulmalıdır. Çünki bəzən təəssüflər olsun ki, ölkəyə idxal olunan dərmanların heç mənşəyi bilinmir. Onların keyfiyyət parametrləri kifayət qədər şübhə doğurur. Bütün bunlar indiyə qədər həm əhalini narahat edən, həm əhalini haqlı narazılığına səbəb olan problemlərdir ki, bunların həllinə çalışmaq lazımdır”.
Aynurə Pənahqızı Demokrat.az


