“Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi, Cənubi Qafqazda əldə olunmuş kövrək sülhün daha da möhkəmləndirilməsi, qarşılıqlı inam və etimad mühitinin formalaşması, birgə yaşayışın təmin olunması istiqamətində çox uğurlu bir təşəbbüs idi”.
Bu fikirləri Demokrat.az-a politoloq Anar Əliyev deyib. Politoloq qeyd edib ki, dünən keçirilən görüşdə Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət təməl prinsiplərinin demək olar ki, hamısı Ermənistan tərəfindən qəbul olundu: “Bilirik ki, heç bir üçüncü tərəf olmadan ikitərəfli münasibətlərin müzakirə platformasının yaradılması istiqamətindəki təkliflər Ermənistan tərəfindən daima əks qarşılanırdı, rədd edilirdi. Dünənki görüşdə Azərbaycan-Ermənistan arasında birbaşa danışıqları özündə əks etdirən və böyük sülh razılaşması ilə bağlı işlərin görülməsi istiqamətində xarici işlər nazirlərinə birbaşa tapşırıqlar verildi. Eyni zamanda sərhəddə delimitasiya işlərinin həyata keçirəcək birgə sərhəd komissiyası iclasının bu ay sonuna qədər keçirilməsi ilə bağlı qərarın verilməsi onu deməyə əsas verir ki, Azərbaycanın şərtləri artıq Ermənistan tərəfindən də qəbul edilib. Sərhədlərin delimitasiya prosesi ilə bağlı işçi komissiyası ilə bağlı dəqiq vaxtın müəyyən edilməsi artıq bu proseslərdən Ermənsitanın yayına bilməyəcəyini göstərdi. Hesab edirəm ki, bu görüş zamanı ən uğurlu nəticələrdən biri də 2020-ci ilin 10 noyabr tarixli birgə bəyannaməsindən sonra ötən dövr ərzində həyata keçirilən və bundan sonra da keçiriləcək bütün görüşlərin gündəliyini məhz Azərbaycanın maraqları, Azərbaycan xalqının mənafeyi istiqaməti çərçivəsində həyata keçiriləcək. Hesab edirəm ki, çox məhsuldar və uğurlu görüş keçirildi. Bu format bundan sonra da davamlı olacaq”.