10, 11, 12 iyun 2022-ci il tarixlərində keçiriləcək Formula-1 Azərbaycan Qran Pri-sinə hazırlıqlar sürətlə davam edir. Yarışın təşkilində yüksək enerji ilə çalışan işçi heyəti , eləcə də, bütün Formula-1 azarkeşləri bu tarixləri həyəcanla gözləyirlər. Yarışın böyük maraqla gözlənməsinə əsas səbəb, bu il tamaşaçı qarşısına qalib ölkə olaraq çıxmağımızdır. Biletlər artıq satışdadır.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov Demokrat.a-a açıqlamasında bildirib.
“Biletləri Bakucitycircuit.com internet səhifəsindən əldə də bilərsiz. Həmçinin müxtəlif satış nöqtələri, məntəqələri var, ordan ala bilərsiniz. Bilirsiniz ki, yarış 2020-ci ildə pandemiya səbəbindən ləğv olundu. 2021-ci ildə isə izləyicisiz keçdi. Məhz bu səbəbdən, belə qərar verilmişdi ki, 2021-ci ilin biletləri cari ilin biletləri ilə əvəz olunsun. Artıq əlaqə saxlanılıb 2021-ci ilin azarkeşləri ilə. Amma *6003 nömrəsi ilə əlaqə saxlayıb, daha ətraflı məlumat əldə edə bilərlər. Bu bizim çağrı mərkəzimizin nömrəsidir.”
Turab Teymurov deyir ki, biletlər çox sürətlə satılır. Dünyanın müxtəlif ölkələrindən yarışa maraq göstərənlər var.

“Azarkeşlər, Formula -1 fanatları yarış üçün çox darıxıb. Satışlarda da bu özünü əks etdirir. Ən çox bilet alınır, top 3-lükdə Böyük Britaniya, Rusiya və Türkiyə, digər ölkələr də var. Məsələn, Skandinaviya ölkələri var ki, orda da yarışımız çox populyardır, biletlər alınır. Niderlanddan, Danimarkadan, Norveçdən , digər Avropa ölkələrindən Fransa, İspaniya. Düşünürəm ki, Azərbaycana çox sayda turist təşrif buyuracaq.”
Yarışın dayağı hesab olunan könüllülər bu il də aktivdir və artıq tələb olunandan qat-qat çox gənc qeydiyyat keçib. Turab Teymurov deyir ki, qeydiyyata start verildikdən cəmi 4 gün sonra artıq 8 min namizəd müraciət edib və buna görə də qeydiyyat vaxtından öncə dayandırılıb. Bu rəqəmlər yarışa olan marağın göstəricisi baxımından, çox ürəkaçandır. Turab teymurov qeyd etdi ki, Formula-1 azarkeşlərinin sayında ildən-ilə dəyişiklik olduğu kimi, formatında da yeniliklər olacaq.

“Yarışın əyləncə formatında dəyişikliklər var. Təəssüf ki, keçən ildə olduğu kimi bu il də axşam konsertləri olmayacaq. Keçən il əyləncə proqramı da yox idi. Çünki bizim pandemiya səbəbindən Formula-1 əyləncə zonamız yox idi. Amma bu il artıq bizim çox gözəl, maraqlı, rəngarəng əyləncə proqramımız planlaşdırılıb, olacaq. Ətraflı olaraq növbəti həftələrdə mütləq bölüşəcəyik. Amma düşünürəm ki, hər kəsi zövqünün oxşayacaq. 10,11,12 iyun tarixlərində bütün Formula-1 azarkeşlərini dəvət edirik bizim yarışı seyr etsinlər, Formula-1 əyləncə zonasına təşrif buyursunlar və xatırladım ki, əyləncə zonamız Dənizkənarı Milli parkda yerləşir.”
1400 marşal, 1500 könüllü, yüzlərlə işçi heyəti və yüz minlərlə insanın maraq göstərdiyi, səbirsizliklə gözlədiyi FORMULA-1 Gran Pri-si bu il də ölkəmizin, mədəniyyətimizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edəcək. Yenə ölkəmizə turistlər axışacaq və yenə də Bakımız hər bir əcnəbi qonağını heyran qoyacaq.
Gülçin Qorxmaz Demokrat.az


