Qəbələ rayonunda 1975-ci il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində arvadı Naziləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 9-da baş verib.
İlqar həmin gün saat 17 radələrində yaşadığı Qəbələ şəhərindəki evin həyətyanı sahəsində arvadı Nazilənin atası evinə ondan icazəsiz getməsi səbəbindən mübahisə edib. O, arvadının boğaz nahiyəsindən tutaraq başna bir dəfə vurub.
Daha sonra İlqar arvadının burun nahiyəsindən yumruqla bir dəfə zərbə vuraraq, ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nazilə ilə 2005-ci il tarixdə rəsmi qaydada evlənib: “Birgə nikahımızdan biri qızımız, bir oğlumuz var. Noyabrın 9-da, saat 17 radələrində işdən evə gələrkən yolda arvadım Nazilə ilə üzbəüz gəldim. Onunla birlikdə yaşadığımız evə gəldik. Həmin vaxt arvadım yanında azyaşlı övladım da olub. Evə gedərkən öz aramızda söhbət etdik. Həyətə daxil olduqdan sonra isə arvadımdan haradan gəldiyini soruşdum. Arvadım isə atası Vəligildən gəldiyini bildirdi. Naziləyə məndən icazəsiz atasıgilə getdiyi üçün iradımı bildirdim. Nazilə isə atasıgilə getdiyi üçün özünə haqq qazandırdı. Arvadım iradımı səmimi qəbul etmədiyi üçün işdən gələrkən özüm ilə birlikdə gətirdiyim və həyətə daxil olan zaman da əlində olan sellofan torbanın içərisində olan dəmir qazanı, tutma bankasını onun üstünə tərəf atdım. Atdığım sellofan torbanın içərisində olan yemək qazanı Nazilənin burun nahiyəsinə dəydi. Bu zaman Nazilənin burundan qan axmağa başladı”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazilənin sözlərinə görə, oktyabrın 9-da əri İlqardan qızı Səbinə vasitəsilə icazə alaraq ata evinə gedib: “Həmin gün saat 17 radələrində oğlum Nəbi ilə birlikdə yaşadığım evə gələn zaman evdən təxminən 15 metr məsafə qalmış ərim İlqarı küçədə gördüm. İlqardan qarşıda gedərək həyətin giriş qapısından içəri daxil oldum. İlqar isə oğlum Nəbi ilə birlikdə arxadan gəlirdilər. Həyətə daxil olaraq evinin giriş qapısı istiqamətində hərəkət etdim. Həmin vaxt İlqar və oğlum məndən arxada idilər. Evin giriş qapısına çatanda qapını açarla açmaq istədim. İlqar qapının yanına gəldi, qapını əli ilə tutdu və məni evə daxil olmağa qoymadı”.
Nazilə deyib ki, bu zaman əri İlqar onu sorğu sual etməyə başlayıb: “İlqar məndən ata evinə kimdən icazə alaraq getdiyini soruşdu. Mən qızımın ona bu barədə məlumat verməsi üçün bildirdim. İlqar isə mənə dedi ki, qzıma getməyə icazə verdəmdiyini deyib. İlqara qızımın mənə bu barədə heç bir məlumat vermədiyini bildirdim. Bu zaman İlqar əlində olan göy rəngli sellofan torbanı həyətin ortasına atdı və sonra üzərimə hücum çəkdi. İki əli ilə boğaz nahiyəmdən tutdu. Qışqıran zaman isə İlqar mənim baş nahiyəmdən sağ əli ilə yumuqla bir dəfə, daha sonra isə burun nahiyəmdən yumruqla bir dəfə vurdu. İlqar burumdan yumruqla vuran kimi qan axmağa başladı. Bu zaman İlqar məndən uzaqlaşdı, evin qapısını açaraq içəri daxil oldu”.
Zərərçəkmiş bildirib ki, oğlu Nəbi təxminən 5-10 dəqiqə dayandıqdan sonra soyuq olduğu üçün evə gedib: “Həyətdə təxminən yarım saat gözlədim. Evə daxil olduqdan sonra isə saat 19 radələrində qızım da evə gəldi. Əvvəlcə ərimdən şikayət etmək istəmirdim. Buna görə də bu məsələ barədə təxminən iki gün heç kimə məlumat vermədim. Lakin sonradan qızım babasına bu barədə bildirdiyi üçün atam da bu məsələdən agah oldu. Eləcə də burun nahiyəmdə ağrılar olduğu üçün Qəbələ rayon Diaqnostika mərkəzinə müraciət etdim. Noyabrın 11-də Qəbələ rayon polis şöbəsinə gələrək öz şikayətimi bildirdim”.
Zərərçəkmiş şikayətinin sonunda əri ilə barışdığını, ona qarşı şikayətinin olmadığını deyib.
Bu cinayət işinə Qəbələ rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının nəzərə alıb.
Bu səbəbdən İlqarın barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli Demokrat.az


