Ərzaq inflyasiyası qlobal iqtisadiyyatların gündəmində qalmaqda davam edir. Artan xərclər, davam edən pandemiya və daha qeyri-müəyyən iqlim şəraiti səbəbindən kənd təsərrüfatı məhsullarının qiymətlərinin bu il yüksək qalacağı gözlənilir. Pandemiya ilə əlaqədar tədarük zəncirindəki problemlər və iqtisadi normallaşma ilə bağlı sürətlə artan istehlak tələbi bütün dünyada qiymət artımlarına təkan verir. Artan inflyasiya demək olar ki, hər bir ölkənin probleminə çevrilib, xüsusilə ərzaq və enerji qiymətlərindəki artım inflyasiyanın hərəkətverici qüvvəsi olaraq önə çıxır. Artıq Azərbaycanın kənd təsərrüfatı sahəsində də ciddi artımlar müşahidə olunmaqdadır. Ötən gün soğan və kartof qiymətlərinin kəllə çarxa qalxması vətəndaşlarımız arasında ciddi narahatlığa səbəb olub. Bəs, Azərbaycan öz tələbatını özü ödəyə bilmir? Ölkəmizdə kənd təsərrüfatı sahəsində qiymət artımının real səbəbləri nələrdir?
Məsələ ilə bağlı Demokrat.az iqtisadçı-ekspert Rauf Qarayevlə söhbətləşdi. Ekspert vətəndaşlar arasında sual doğuran bir sıra məqamlara aydınlıq gətirdi:
“Ümumiyyətlə, dünyada bahalaşma prosesi sürətlə gedir. Kənd təsərrüfatı məhsullarının da qiymətində ciddi problemlər ola bilər. Bunun da bir sıra səbəbləri var. Əvvəla, bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Rasim Səttərzadə qeyd etdi ki, Azərbaycanda bulaqlardan, çaylardan su doldurmaq pullu olacaq. Yəni, su kanallardan, həyətlərdə olan artezian sularından istifadə üçün vətəndaşlar pul ödəməli olacaq. Bu isə o deməkdir ki, əkin edən vətəndaş su üçün dövlətə əlavə pul ödəməlidir. Nəticədə əkilən məhsulların qiyməti bahalaşacaq”.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşmasına gəlincə, ekspert qeyd edib ki, ölkəmizdə əkilən məhsullar əsasən Rusiya bazarlarına gedir və daxili tələbatı ödəmək üçün, dövlət İrandan, Pakistandan kartof almalı olur: “Yəni, görünən odur ki, əkilən məhsul daxili tələbatı tam ödəmir və burada ona çəkilən xərc də çox olduğundan artıq bazarda məhsulun qiyməti artmağa başlayır. Mən dəfələrlə qeyd edirdim ki, qışda məhsulun ən azından qıt olmaması üçün məhsulları saxlayan soyuducu anbarlar çox olmalıdır. Amma ölkəmizdə anbarlar az olduğundan ora qoyulan məhsullar da bazara çıxarıldıqda baha qiymətə olur, yəni anbarların az olması qiymətin yüksək olmasına gətirib çıxarır. Bu da onunla əsaslanır ki, heç bir rəqabət yoxdur və anbar yiyəsi də qiyməti istədiyi kimi qoyur. Digər amil anbarlarda texniki dəstək qiymətinin də yüksək olmasıdır. Azərbaycan kənd təsərrüfatı dərmanlarını da xaricdən alır və bu da qiymət artımına təsir edən amillərdəndir. Bu sahədə də yerli istehsal yoxdur. Buna görə də, zavodlar, fabriklər açılmalıdır. Kiçik ölkə olduğumuzdan bizim üçün bunu etmək çox asandır. Kənd Təsərrüfatı Nazirliyi nə qədər söyləsə də ki, vəziyyət əladır, ancaq bazar vəziyyətin başqa olduğunu deyir”.
Ekspert qeyd edib ki, əvvəllər Azərbaycana kartof əsasən Belarusdan, Ukraynadan gəlirdi: “Amma indi Pakistandan, İrandan gəlir. Yəni, hazırda Ukrayna kartofunu Pakistan əvəz edir. Düzdür, məsafə baxımdan ora uzaqdır, amma yenə də bazar digər bazarla əvəz edilir. Bu isə cüzi artıma təsir edir. Ümumiyyətlə, Rusiya ilə Ukraynanı savaşı onu göstərir ki, kiçik ölkələr belə mövcud vəziyyətə hazır olmalıdır və bir mərkəzdən alqı-satqı etməməlidir. Misal üçün biz taxılın və unun 40 faizini Rusiyadan alırıq. Sabah Rusiya desə ki, mən taxıl və unu satmıram, o zaman avtomatik taxıl məhsulları bahalaşacaq, nəticədə yanlış verilən qərardan xalq əziyyət çəkəcək. Buna əsasən də satış və alış dünya bazarındakı ölkələr üzrə tənzimlənməlidir”.
R.Qarayev soğanın bahalaşmasına da aydınlıq gətirdi: “Soğanın qiymətinin bahalaşması düzgün formada proqnozlaşmanın olmamasından irəli gəlir. Çünki sahibkarın xarici bazara çıxışının məhdudlaşması, onu soğan saxlamaq şəraitinin məhdud olması səbəblərindən bu ilə kəndli soğanı az əkib. Hesab edirəm ki, buna baxmayaraq may ayında soğanın qiyməti aşağı düşəcək. Yəni, bu sahədə qalxma müvəqqəti xarakter daşıya bilər”.
Aynurə Pənahqızı Demokrat.az


