Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Özbəkistana səfər edəcək.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, prezident Ərdoğanın Daşkəndə səfəri çərçivəsində Özbəkistan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçirilməsi gözlənilir. Ərdoğanın böyük heyətlə səfəri zamanı imzalanacaq ikitərəfli müqavilələrlə ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatdırılması gözlənilir.
Qeyd edək ki, 31 avqust 1991-ci ildə müstəqilliyini elan edən Özbəkistanla Türkiyə arasında diplomatik əlaqələr 4 mart 1992-ci ildə qurulub. Martın 4-də Türkiyə ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilib. Türkiyənin Daşkənddəki diplomatik nümayəndəliyi 1992-ci ilin aprelində, Özbəkistanın Ankaradakı səfirliyi isə 1993-cü ilin yanvarında fəaliyyətə başlayıb.

Demokrat.az


