“Azəriqaz” İstehsalat Birliyinin mart ayının 28-dən etibarən Xankəndi və digər yaşayış məntəqələrinə qazın bərpa olunacağı ilə bağlı açıqlaması əlbəttə ki, maraqlı bir hadisədir.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq qeyd edib ki, ümumiyyətlə, bu olması gərəkən bir məsələdir: “Çünki 30 il müddətində işğal altında qalan Xankəndi və digər yaşayış məntəqələrinin kommunal təəssürafatları Azərbaycanın nəzarətindən çıxmışdır. Bilirik ki, 44 günlük savaşdan sonra Azərbaycan ərazi bütövlüyünü böyük ölçüdə bərpa edib. Hazırda Rusiya hərbiçilərinin yerləşdiyi Qarabağ ərazisinin müəyyən hissəsinin Azərbaycana inteqrasiya prosesi həyata keçirilir. Təxminən 20 gün bundan əvvəl Qarabağa ərazisinə çəkilən qaz kəmərində qəza baş vermişdi. Azərbaycan tərəfi artıq həmin qəzanın nəticələrini aradan qaldırıb və kəmər bərpa olunub”.

Politoloq qeyd edib ki, bundan sonra kəmərlə Azərbaycan öz ərazilərinə qazın verilişi prosesini həyata keçirəcək: “Bu, olduqca doğru bir addımdır. Biz Rusiya hərbiçilərinin yerləşdiyi və erməni əhalisinin yaşadığı ərazilərin də tədricən Azərbaycanın suverenliyi altına keçməsi prosesini həyata keçirtməliyik və bunun da müxtəlif vasitələri var. Bunlardan biri də məhz bu cür kommunal xidmətlərin, digər xidmət sahələrinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı olan məsələdir. “Azəriqaz”ın həyata keçirdiyi tədbir də bunun tərkib hissəsidir. Yəni, oradakı yaşayış məntəqələrinin Azərbaycanın suverenliyinə, nəzarətinə keçirilməsi prosesi kimi baxılmalıdır və bu işlər ardıcıl aparılmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


