Kriminal

Bakıda iki həkimə xəsarət yetirildi — Şok olay

Bakıda iki həkimə xəsarət yetirildi — Şok olay

Bakının Binəqədi rayonunda 1963-cü il təvəllüdlü Şamayıl iki həkimə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il iyunun 4-də Binəqədi rayonu 6-cı mikrorayon M.Kazımovski küçəsi 134 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1-ci mərtəbəsində yerləşən əyani müayinə otağında baş verib.

Şamayıl heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub. O, Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leylanın üzərinə hücum edib. O, yumruq zərbələri ilə onun boyun və baş nahiyələrinə qəsdən vurub.

Leylanı onun əlindən ayırmaq istəyən Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-oftalmoloq Yusifə qarşı müqavimət göstərib, ona əl barmaqlarının dırnağı ilə sağ said nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Şamayılın barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, birinci Qarabağ müharibəsi zamanı almış olduğu travma nəticəsində ikinci qrup Qarabağ əlili olduğu üçün ona təqaüd verilib: “Həmin təqaüdün verilməsi 2021-ci ilin yanvarın 21-dən dayandırılıb. Buna səbəb isə əlillik dərəcəmin müddətinin bitməsi olub. 2021-ci ilin fevralın 19-dan isə əlilliyimin təsdiqi ilə bağlı Bərdə rayonu üzrə həkim komissiyası sənədlərini Respublika əlillərinin bərpası mərkəzinə göndərdi.

Əlilliyimin yoxlanılması ilə bağlı araşdırma aparılsa da, həmin mərkəzə araşdırma müddətində qəbul etdiyim dərmanların mənə verilməsi haqqında 21 dəfə müraciət etdim. Lakin onlar bu barədə qanuni tədbir görmədilər. Təqaüdün verilməsinin dayandırılması ilə yanaşı xəstəliyin müalicəsi üçün ayrılmış dərmanların da verilməsi dayandırıldı. Dərman qəbul etmədiyim zaman anlaqsız vəziyyətə düşməklə hərəkətlərimi idarə edə bilməmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 4-də göndəriş Binəqədi rayon ərazisində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gedib: “Saat 19 radələrində komissiya üzvlərinin olduğu otağa daxil oldum. İçəri daxil olub orada ayrılmış yerdə əyləşdim. Bu zaman mənə yalınız xəstəliyim ilə bağlı qəbul etdiyim dərmanların lazım olduğunu dedim. Komissiya üzvlərinədən yoxlamanı vicdanla yerinə yetirib, qərar qəbul etmələrini xahiş etdim. Həmin vaxt adını sonradan bildiyim Leyla adlı həkim mənə onların vicdanlarının olduğunu, lakin mənim vicdanımın olub-olmamasında şübhəli olduqlarını bildirdi. Bu sözdən sonra özümü itirdim. Özümə gələn zaman mərkəzin həyətində olduğumu gördüm. Həmin zaman hər hansı bir həkimi vurub-vurmamağımı xatırlamamışam. Həmin vaxt təhqir edildiyim üçün özümdə olmamışam”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra müayinə otağında olan müşahidə kameralarına baxan zaman özünü itirib və Leylanı yumruqla vurmasını , orada olan digər həkimlər araya girərək onu sakitləşdirib, müayinə otağında çölə çıxarılmasını görüb.

Həmçinin ona verilən suallara cavab olaraq bildirib ki, Leylanın onu təhqir etdiyi üçün özünü itirib, anlaqsız vəziyyətə düşüb: “Buna səbəb isə xəstəliyim ilə bağlı dərmanları qəbul edə bilməməyim olub. Sonradan video görüntülərə baxan zaman Leylanı vurduğumu görmüşəm. Qadına əl qaldırdığım üçün peşmanam. Lakin hadisənin baş verməsinin günahkarı Leyla olub”.

Şamayıl ifadəsinin sonunda birinci Qarabağ müharibə veteranı olmasının, eləcə də oğlunun ikinci Qarabağ müharibəsində iştirak etməsinin nəzərə alınmasını istəyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leylanın sözlərinə görə, iyunun 4-də, saat 19 radələrində xəstə Şamayılın 2-ci qrup əlilliyinin müddətinin bitməsi ilə bağlı keçirilən komissiya zamanı komissiya üzvləri tərəfindən qəbul edilmiş qərar elan edilib: “Bu zaman Şamayıl qəbul edilmiş qərarla razılaşmayaraq qəflətən oturduğu stuldan qalxdı, üzərimə hücum çəkdi və yumruqları ilə baş-boyun nahiyəmə, xüsusən üz nahiyəmə, sağ gicgahıma, kürək nahiyəm və ümumilikdə isə bədən nahiyəmə zərbələrlə vurdu. Mənə xəsarət yetirdi. Həmin vaxt komissiya üzvlərinin müdaxiləsindən sonra Şamayıl məndən uzaqlaşdırldı. Sonradan iş yoldaşım həkim ekspert Yusuf Şamayılı məndən aralayan zaman xəsarət almasını bildim”.

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə şamayılın barəsində 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun cəzasının əvvəli 2021-ci il iyulun 14-dən hesablanıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az