Mədəniyyət

“Heydər Əliyev olmasaydı, mən çoxdan ölmüşdüm” — Hicran Nəsirova 64 yaşını qeyd edir (FOTOLAR — ÖZƏL)

“Heydər Əliyev olmasaydı, mən çoxdan ölmüşdüm” — Hicran Nəsirova 64 yaşını qeyd edir (FOTOLAR — ÖZƏL)

Akademik Milli Dram Teatrının aparıcı aktrisası, səhnəmizin əvəzsiz obrazlar ifaçısı, əməkdar artist Hicran Nəsirova... O, hamımızın yaddaşında “Evləri köndələn yar” televiziya tamaşasındakı Reyhan kimi qalıb. Bu gün sənətkar 64 yaşını qeyd edir. Demokrat.az saytı olaraq, aktrisa ilə əlaqə saxlayıb onu doğum günü münasibətilə təbrik etdik.

“Mart ayı elə aydır ki, bayram-bayrama qarışır. Həm 8 mart qadınlar günüdür,həm teatr günümüzdür, 11-i mənim ad günüm, çərşənbələr, Novruz bayramı. Mart ayı bayramlarla keçir. Həmişəki kimi ad günümü ailəmlə, evimdə qeyd edirəm” deyə aktrisa bildirib.

Aktrisa Akademik Mili Dram Teatrı ilə qırılmaz tellərindən danışdı.

“Çox insanlar elə bilir ki, mən əvvəldən Akademik Milli Dram Teatrında işləmişəm, amma mən 79-cu ildə universiteti bitirəndə təyinatım Şəkiyə idi, amma gedə bilmədim, saxladılar universitetdə dərs dedim. O vaxt Tədris teatrı var idi, indiki Yuğ teatrının bünövrəsi orda qoyulurdu və mən o bünövrəni qoyanlardan biriyəm. Orda işləyə-işləyə Akademik Milli Dram Teatrında “Anarın səhra yuxuları” hazırlanırdı, məni Leyla roluna dəvət etdilər. 1986-cı ildən artıq bu teatrda çalışıram. Cürbəcür rollar oynamışam. Təsəvvür edin ki, Azərbaycan səhnəsində “Balaca şəhzadə”nin Ekzüperini ilk dəfə mən oynamışam. Ən çox sevdiyim obrazlardan biri idi. Onu rəhmətlik Vaqif İbrahimoğlu qoymuşdu, deyirdim ki, yenə belə rol olsa oynamaq istəyərəm. Humayı oynamışam, heç kəs onu aşıqlar da deyirdi ki, Cəlalın yazdığı şeiri yanıq kərəmi saz ifası altında oxudum. Özümü tərifləməyi sevmirəm, amma kənardan deyilən sözlər ki, var onlar qulağımda sırğa olub qalıb. Akademik Milli Dram Teatrında “Yalan”da Nabatı oynayırdım, Nabatın sözü səhifə yarım idi, sözsüz səhnələrim daha çox idi. Moskvadan teatrşünas gəlmişdi, iclasda əsasən yalan tamaşasından mənim ifamdan danışdı. Mən çox təbii oynayıram, yalan sevmirəm, içimdən ağlamaq gəlirsə ağlayacam, gülmək lazım gəlirsə güləcəm. Elə vaxtım olub ki, 39-40 dərəcə qızdırma ilə tamaşanın təqdimatını oynamışam, səhnədə özümü toparlamağı bacarıram” deyə sənətkar bildirib.

Hicran Nəsirova ulu öndər Heydər Əliyevlə görüşündən də söz açdı. Onun aktrisanın sənətinə verdiyi dəyərdən bəhs etdi.

““Fərhad və Şirin”, “Aydın”..O tamaşalara ulu öndərimiz Heydər Əliyev və sevimli prezidentimiz İlham Əliyev də gəlmişdi. O iki tamaşada ilk alqışlanan mən olmuşdum. Tamaşadan sonra bilirsiz ki, həmişə gəlib aktyorlarla görüşürdü, çox xoş sözlər deyirdi, fenomen bir adam idi. İkinci tamaşada da gəldi, yenə də xoş sözlər dedi. Üstündən bir ay keçmişdi, Heydər Əliyev sarayında pərdəarxasında görüşəndə əlini uzatdı, məni çəkdi yanına, dedi ki, qızım mənə sözün? Doldum, dedim ki, sizə can sağlığı arzulayıram. Mən ağır xəstələndim, Heydər Əliyevin qulağına çatanda bütün xərcləri götürdü üzərinə, mən Moskvada müalicə aldım. O olmasaydı mən çoxdan dünyamı dəyişmişdim” deyə əməkdar artist bildirib.

Əməkdar artist çəkilişlərdən xatirələrini bölüşərək, ilk serialda rol aldığını da bildirib.

““Evləri köndələn yar” 1982-ci ildə çəkilib. Elçiliyə gəlmə səhnəsi Telman Adıgözəlovla birlikdə gecə çəkilməli idi. Dəhşət soyuq var idi, dolu yağırdı. Xatırlayıram ki, səhər məni təcili yardımla xəstəxanaya apardılar. Çox maraqlı çəkilişlər gedirdi, yaxşı rejissor və tərəf müqabilləri ilə işləyəndə çəkilişin əziyyəti gözə görünmür. Respublikada ilk serialda çəkilmişəm, “İtkin gəlin”-də Dünya rolunu canlandırmışam. Əsərin nmüllifi Əlibaba Hacızadə o vaxt mənə fars dilindən dərs deyirdi. Tamaşa bitdikdən sonra məni universitetdə gördü, dedi ki, olar səni öpüm? Dedi ki, dünyanı mən yazdım, amma Dünyanı sən Dünya etdin.”

Biz də Demokrat.az saytı olaraq, sevimli aktrisamızı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı arzu edirik!

Maya İmran Demokrat.az

D
demokrat.az