“Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyərək, Ukraynada yaşayan soydaşlarımız heç bir xəsarət almadan Azərbaycana gətirilməsi üçün bütün imkanlarını səfərbər edib”.
Bunu Demokrat.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib.
O, qeyd edib ki, bir qədər əvvəl azərbaycanlılar Paltavadan Lvova yola salındılar: “Ukrayna Azərbaycanlıları Radasının Paltava regional təşkilatının köməkliyi ilə təxminən 50 nəfər yola salındı. Azərbaycanlıların digər dövlətin ərazisinə keçməsi, oradan da Azərbaycana təxliyə olunması gözlənilir. Bir neçə dəqiqə əvvəl Kiyevdən də qatarla soydaşlarımız yola salındılar. Təxminən 1100 nəfər azərbaycanlı Ruminiya istiqamətinə yola salınıb. Onlar Ruminiya çatdıqdan sonra orada müxtəlif yerlərə yerləşdiriləcəklər və Azərbaycan dövlətinin köməkliyi ilə Azərbaycana təxliyə olunacaqlar. Bundan başqa, 100 nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhəddinə yola salınıb. Başqa bir faktı da diqqətinizə çatdırım ki, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargahın yaradılması, eyni zamanda qəraragahın telefon nömrələrini verirdik. Son məlumatımız odur ki, Ukrayna Azərbaycanıları Radasındakı operativ qərargahda nömrə dəyişib. Biz yeni nömrəni vətəndaşların nəzərinə çatdırırıq. Həm Ukraynada olan soydaşlarımız, həm də onların Azərbaycandakı qohumları bu nömrə ilə Ukrayna Azərbaycanlıları Radası ilə əlaqə saxlaya bilərlər: 00380989497038
Bir faktı da nəzərə çatdırım ki, son illər Diasporla iş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi mühüm layihələrdən biri xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasıdır. Bu gün Ukraynada baş verən hadisələrlə bağlı təxliyə olunan azərbaycanlılar həmin Azərbaycan evlərində qalır. Onlara orada maddi və mənəvi dəstək göstərilir. Onu da qeyd edim ki, Polşadakı Azərbaycan evi ilə 0048732858585, Macarıstandakı Azərbaycan evi ilə 00994506621989 nömrələri ilə vətəndaşlarımız əlaqə saxlaya bilər”.
Aynurə Pənahqızı Demokrat.az


