Kriminal

Məhkəmə qarşısında kürəkən-qayınata davası — Təfərrüat

Məhkəmə qarşısında kürəkən-qayınata davası — Təfərrüat

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Arif şəxsi münasibətlər zamanlı qayınatası Musaya (adlar şərti verilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 24-də baş verib. Arif həmin gün saat 18.00-da Sumqayıt şəhəri, 9-cu mikrorayonda məhkəmə binasının yaxınlığında qayınatası Musa ilə mübahisə edib. O, mübahisə zamanı Musanın gözünün altına yumruqla vurub.

İstintaq orqanı tərəfindən Arifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Musa onun qaynatasıdır: “Onun qızı Fəridə ilə boşanma ərəfəsindəyik. Ailəmizdə baş vermiş mübahisələrlə əlaqədar Fəridə uşaqlarla birlikdə evdən çıxıb və atasının yanında yaşayır”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 24-də barışıq etmək üçün Anar adlı icraçı onu Sumqayıt şəhəri, 9-cu mikrorayonda məhkəmənin binasının yaxınlığında yerləşən icra idarəsinə dəvət edib: “İcra idarəsinə daxil oldum. Orada Musa ilə xeyli söhbət etdik. Sonra Musa rəhmətlik atamı nalayiq ifadələrlə söydüyünə görə əsəbləşdim. Onunla razılaşmadığımız üçün icra idarəsindən çıxdım. Sonra Musanı yolda çağırdım. O məni yenə də təhqir etdi. Üzərimə hücum etdiyi üçün onun gözünün altından yumruqla vurdum”.

Arif deyib ki, bu zaman arxadan gələn qardaşı onu qucaqlayıb və oradan uzaqlaşdırıb.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.

Bu səbəbdən Arifin barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az