Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində arvadı Validəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 13-də baş verib. Faiq yaşadığı evdə ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı Validəni döyüb.
İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Validə ilə 2018-ci ildə rəsmi olaraq ailə həyatı qurublar: “Bizim birgə nigahımızdan iki övladımız var. Ailə həyatı qurduqdan sonra valideynlərim ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə bağlarında fərdi evdə bir yerdə yaşayırıq. Validə bir gəlin kimi valideynlərimə qulaq asmayıb, onların, mənim hörmətimi saxlamayıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 13-də, saat 21 radələrində yaşadıqları evdə olan zaman Validə evdə geyindiyi çəkələk ilə cölə çıxıb, yenidən evə gəlib: “Validəyə niyə cölə geyindiyi çəkələk ilə içəri girdiyini dedim. Validə isə mənə kobud cavab qaytardı. Məhz buna görə, aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək Validənin üzündən iki dəfə əl zərbəsi ilə vurdum. Bundan sonra Validə öz otağına keçdi, nənəsinə zəng etdi. Nənəsi gələrək Validəni apardı”.
Zərərçəkmiş şəxs qismində ifadə verən Validə isə fərqli ifadə verib: “Ailə qurduqdan sonra Faiqin ailəsi ilə birlikdə yaşamışıq. Faiq spirtli içki aludəcisidir. Mütəmadi olaraq spirtli içki içir. Faiq içki içdiyi vaxtlarda ən xırda məsələdən evdə mübahisə yaradır. Dekabrın 13-də, saat 21 radələrində yaşadığımız evdə qaynanam yemək verdikdə, içində ət olmadığını, əti mənim yediyimi bildirdi. Mən isə Faiqə əti yemədiyimi bildirdim. Məhz bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Faiq əl zərbələri ilə üzümdən, başımdan, boğazımdan, təpik zərbələri ilə isə qarın və ayaqlarımdan vurdu”.
Zərərçəkmiş deyib ki, həmin zaman evdə qaynatası və qaynanası olsa da, onlar heç bir köməklik göstərməyib, Faiqin onu döyməsinə baxıblar: “Faiqin əlindən çıxdım və otağıma keçdim. Nənəmə zəng etdim, baş vermiş hadisə ilə bağlı məlumat verdim. Təxminən 10 dəqiqə sonra nənəm bizə gəldi, məni özü ilə apardı”.
Zərərçəkmiş ifadəsinin sonunda göstərib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti yoxdur.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.
Bu səbəbdən Faiqin barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli Demokrat.az


