Kriminal

“Nədi? qaz idarəsində işləmirsənki?” — “Üçbulaq”da olan cinayətin təfərrüatı

“Nədi? qaz idarəsində işləmirsənki?” — “Üçbulaq”da olan cinayətin təfərrüatı

Gəncə şəhərində 1980-ci il təvəllüdlü Anar şəxsi münasibətlər zəminində Nəbiyə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Anar 22 iyul 2021-ci ildə “Üçbulaq” kimi tanınan yerin yaxınlığında tanışı Nəbi ilə bir-birilərini nalayiq ifadələrlə təhqir etmələrinə görə mübahisələri yaranıb. Mübahisə zamanı Anar Nəbiyə özündə olan bıçaqla zərbə endirib. İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası və atası ilə birlikdə yaşayır: “Hər ikisi yataq xəstəsidir. Onlara mən qulluq edirəm, maddi tələbatlarını ödəyirəm. 2020-ci ilin əvvəlindən etibarən Göygöl rayon Qaz İdarəsində fəhlə işləyirəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Göygöl rayonunda yerləşən çayxanada Nəbi ilə tanış olub, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmayıb: “İyulun 21-də, yaşadığım evdə saat 22 radələrinədək vaxt keçirdikdən sonra küçəyə çıxmağa qərar verdim. Bu məqsədlə yaşadığım evdən çıxaraq bir qədər aralıda yerləşən “Təzə evlər” kimi tanınan ərazidəki çayxanaya getdim. Həmin çayxananın qarşısına çatdıqda tanışlarım - Ramal, Camal və Pərvini gördüm. Onlarla görüşdüm, hal-əhval tutduqdan sonra çay içdik”.

Anar deyib ki, bu zaman Nəbi ilə onun telefon danışığı olub: “Danışıq zamanı Nəbi telefonda aşağılayıcı tonla “hansı Anar? qaz idarəsində işləyən” deyə bildirdi. Nəbinin bu formada məni təqdim etməsi xoşuma gəlmədi. Nəbiyə “sən məni tanıyırsan, başqa cür də, deyə bilərdin, niyə bu tonla mənə müraciət edirsən” deyə bildirdim. Nəbi isə cavabında “nədi? qaz idarəsində işləmirsənki?” deyə soruşdu. Bir daha Nəbiyə bu formada danışmasının yanlış olmasını desəm də, Nəbi fikrindən daşınmadı və məni görüşə dəvət etdi. Nəbiyə harada görüşməli olduğumuzu sorşdum. Nəbi Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Üçbulaq kimi tanınan yerə dəvət etdi. Məni isə Nəbiyə “gəlirəm” deyə bildirdim”. Anarın ifadəsinə görə, bundan sonra Pərvinə onu yaşadığı evə aparmasını istəsə də, Pərvin onun Nəbi ilə görüşməyini istəməyib, onu aparmaqdan imtina edib: “Bundan sonra yola çıxdım. “VAZ 21011” markalı dövlət qeydiyyat nişanını xatırlamadığım taksi ilə yaşadığım evə getdim. Evdə bu barədə heç kəsə bir söz demədən özümə məxsus “VAZ 2107” markalı avtomobilim ilə Gülüstan qəsəbəsində yerləşən “Üçbulaq” kimi tanınan yerə getdim. Bulağın önündə avtomobilimi salxadım, yerə düşdüm. Nəbinin, Ramalın, Camalın və Pərvinin orada olduqlarını gördüm. Həmin şəxslərin yanına yaxınlaşdım, Nəbiyə salam verdim. Sonra Nəbidən mənimlə nə üçün aşağılayıcı tonla danışmasının səbəbini soruşdum. Nəbi isə mənə yaxşı etdiyini dedi. Bu vaxt aramızda mübahisə baş verdi. Sözlə mübahisəni yoluna qoymağa çalışsam da, mübahisəyə daha da qızışdı. Bir-birimizə nalayiq ifadələr işlətdik. Bu zaman Nəbi şillə ilə üzümə zərbə endirdi. Nəbinin şillə ilə məni vurması məni özümdən çıxardı. Mən üzərimdə olan bıçağı çıxardım. Bu zaman Nəbi də üzərində olan bıçağını çıxaraq mənim istiqamətə təpik atdı. Ramal, Camal və Pərvin bizi araladılar. Həmin vaxt Nəbi özünə məxsus avtomobilə getdi, beysbol taxtası götürərək avtomobilinin arxasına keçdi. Biz bir-birimizə yaxınlaşan anda sonuncu əlində olan beysbol taxtası ilə mənim belimin sol nahiyəsindən zərbə endirmək istədi. Tez onun əlindəki taxtanı tutdum. Bu zaman Nəbinin ayağı ilişərək müvazinətini itirdi, əks istiqamətə çevrildi. Həmin vaxt əlimdə olan bıçaqla Nəbinin kürəyinin sol tərəfinə zərbə endirdim. Zərbənin təsirindən Nəbi yerə yıxıldı. Bıçağın Nəbiyə girdiyini görərək etdiyim əməldən peşman oldum, dərhal geri çəkildim”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, bundan sonra Nəbini xəstəxanaya aparıblar.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Anarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətə şərti cəza təyin olunub.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az