Gündəm

TIR olayı üzərindən çirkin niyyətlər

TIR olayı üzərindən çirkin niyyətlər

Bir neçə TIR sürücüsünün paytaxtıın əsas prospektində yolu bağlaması təbii ki, arzuolunmayan hadisədir. Sürücülər konkret ad və ünvan göstərərək onlara qarşı qanunsuzluğun yol verildiyini iddia ediblər. Bu iddianın nə dərəcədə əsaslı olub-olmaması isə hazırda ciddi şəkildə araşdırılır.

Rəsmi məlumatlara əsasən, aidiyyəti dövlət orqanları hadisəni nəzarətə götürüb, səbəblər incələnir və cəmiyyətə əlavə məlumat veriləcək. Məsələnin digər tərəfi ondan ibarətdir ki, TIR sürücüləri bu iddia ilə çıxış edərkən bilərəkdən və ya bilməyərəkdən qanunu pozan davranış sərgiləyiblər. Paytaxtın əsas gediş-gəliş xətti olan yol onlar tərəfindən qapadılıb və kimin nə deməsindən asılı olmayaraq bu, birbaşa qanun pozuntusudur. Qanun tələb edir ki, TIR sürücülərinin davranışlarına qarşı da hüquqi müstəvidə addım atılsın. İstənilən halda qanun pozuntusuna tam bəraət qazandırmaq olmaz. İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmalı, tədbir görülməlidir.

Beləliklə, üstündən heç bir gün ötməyən hadisənin səbəbləri bəlli deyil. O baxımdan ki, vurğuladığımız kimi ortada TIR sürücülərinin iddiaları və ittiham olunan qurumun bu iddiaları qəbul etməyən açıqlaması var. Olay araşdırılır və nəticəyə uyğun olaraq müvafiq qərar veriləcək. Amma əfsuslar olsun ki, yekun qərar elan olunmadan bu məsələyə dərhal hansısa formada siyasi yön vermək, onu hakimiyyətə qarşı çevirmək cəhdləri edilməkdədir. Görünür, bu məsələyə siyasi don geyindirənlər üçün hadisə ilə bağlı yekun qərarı, nəticəni gözləmək sonuncu dərəcəli məsələdir...

Həmişə olduğu kimi, ortada eyni dəstədi: tükənmiş radikal müxalifət, özlərini hüquq müdafiəçisi kimi qələmə verən bəzi şəxslər. Belə hadisələri fürsət bilən AXCP üzvləri, sədrləri Əli Kərimli başda olmaqla, məsələni bacardıqca şişirtmək, onu siyasiləşdirmək üçün bütün imkanlarını sosial şəbəkə üzərindən səfərbər ediblər. Bəlli xətt yenə işə salınıb; dövlət qurumlarının açıqlaması, sürücüyə qarşı polis zorakılğınn olması barədə təkzib guya yalandır...

Hakimiyyətin məsələyə obyektiv, heç bir qaranlıq məqam olmadan araşdırma ortaya qoyacağı heç bir əsas olmadan ilk fürsətdəcə kölgə altına alınır. Kərimlinin və onun dəstəsinin bu prosesi məqsədli şəkildə siyasiləşdirməsi, öz nəfinə yararlanmaq istəməsi aydın görünməkdədir. Və hadisəni siyasiləşdirib ictimai rəyi çaşdırmaq fəaliyyətinin arxasında həm də maddi marağın dayanmasını iddia etmək üçün ciddi əsaslar var.

Son günlər mətbuatda ABŞ-ın qeyri-hökumət fondlarının Azərbaycan hakimiyyətinə qarşı təxribat strategiyasını maliyyələşdirmək üçün xüsusi proqram hazırladıqları barədə informasiyalar yayılır. İllərdir, bu kimi fondlardan aldıqları vəsaitlərlə hakimiyyətə qarşı qaralama kampaniyası aparanların yenidən aktivləşməsi, xüsusi canfəşanlıq sərgiləməsi heç də təsadüfi deyil. Görünür, vəsaitin bir hissəsi Gürcüstanda nəğdləşdirildikdən sonra bu qrupa çatdırılıb və pulun xeyli hissəsi məlum gecə demarşı ilə artıq mənimsənilib.

Bu kimlərəsə inandırıcı görünməyə bilər. Amma yaxın keçmiş bu adamların fəaliyyətinin elə bundan ibarət olduğunu göstərmirmi? İllər boyu bu siyasi şoumenlər istənilən xırda məsələni qlobal problem kimi təqdim etməklə öz varlıqlarını göstərməyə, guya sadə insanların, xalqın yanında olduqlarını göstərməklə məşğul deyillərmi? Əslində isə elə bu kimi yollarla illərdir, hansısa xarici dairələrin, Qərb fondlarının ayırdığı pulların yuyulması prosesini yürüdürlər...

Deməli, bir daha o qənaət hasil olur ki, müxalifətin bu cür cəhdlərlə gündəmdə qalmaqdan, xarici dairələrin diqqətini cəlb etməkdən başqa çıxış yolu qalmayb. Ona görə də radikallıq, süni gərginlik müxalifətin siyasi mübarizəsində yenidən ortaya cıxır. Fəqət bununla nəsə əldə etmək mümkün olmayacaq. Bu gün cəmiyyəti yeniliklərlə ayaqlaşmayan və köhnə mübarizə metodlarından əl çəkməyən müxalifət maraqlandırmır. Müxalifətin bəlli çevrəsinin ölkədə anti-demokratik mühitin yaranması ilə bağlı ictimaiyyətə həyəcanlı mesajlar verməyə, beynəlxalq təşkilatların diqqətini özlərinə yönləndirməyə, bununla da müəyyən siyasi dividentlər qazanmağa yönələn bütün səyləri uğursuzluğa düçar olacaq. Həmişə olduğu kimi...

Ortada danılmayan reallıq var; tükənən radikal müxalifətin və onların çevrələrinin mübarizə taktikaları kasad, sistemsizdir. Sadəcə gərginlik imitasiyası ilə məşğuldurlar və bundan bacardıqları qədər faydalanmağa çalışırlar. 44 günlük Vətən müharibəsini, Vətən uğrunda ölüm-dirim savaşını gözdən salmağa belə cəhd göstərənlər özləri də yaxşı anlayırlar ki, xalq, sadə vətəndaş, o cümlədən də elə o TİR sürücüsü onlardan çoxdan üz çevirib və müxalifətdən yaxşı heç nə gözləmir...

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az