Bakının Nəsimi rayonunda 1992-ci il təvəllüdlü Səxavət kirayə yaşadığı mənzildə tanışı Əli (adlar şərti verilib – red.) ilə dava edib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 20-də, saat 11.30-da baş verib. Səxavət mübahisə zamanı onunla eyni mənzildə yaşayan Əlini döyüb.
İstintaq orqanı tərəfindən Səxavətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səxavət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildirib. O bildirib ki, Əlini bir neçə aydır tanıyır, onunla aralarında tanışlıq münasibətləri var, düşmənçilik və ədavətləri yoxdur: “Noyabrın 19-da, axşam saatlarında Əli mənimlə telefon əlaqəsi saxladı, yaşamağa yeri olmadığı üçün mənimlə birlikdə müvəqqəti qalmaq istədiyini dedi. Mən də Əliyə heç bir etiraz etmədim, onu kirayədə yaşadığım mənzilə dəvət etdim. Təxminən saat 22.00-da Əli kirayədə yaşadığım mənzilə gəldi. Mənimlə görüşdü. Görüş zamanı Əli yaşamağa yeri olmadığı üçün mənimlə birlikdə yaşamaq istədiyini və mənzilin kirayə pulunun yarısını verməyi təklif etdi. Mən də heç bir etiraz etmədim. Öz maddi vəziyyətimin aşağı olduğunu dedim, bu təkliflə razı oldum”.
Səxavət qeyd edib ki, noyabrın 20-də, təxminən saat 11.30-da kirayə yaşadığı ünvanda olan zaman Əlidən mənzilin aylıq kirayə pulunun bir hissəsini verməsini bildirib: “Əli üzərində pulu olmadığını, iş tapdıqdan sonra mənzilin kirayə pulunu verəcəyini bildirdi. Bu zaman Əlinin sözlərindən əsəbləşdim. Ona dedim ki, nə səbəbə səni havayı saxlamalıyam, dur evimdən rədd ol. Mən Əlinin ünvanına nalayiq ifadələrlə təhqir etdim. O da məni qarşılıqlı olaraq cavab qaytardı”.
Səxavət bildirib ki, bu zaman onların arasında mübahisə baş verib və həmin mübahisə zamanı Əlinin baş nahiyyəsindən bir neçə dəfə yumruqla zərbələr vurub.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əlinin sözlərinə görə, Səxavət tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Əli ifadəsində həmçinin qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona dəymiş ziyan ödənilib. Bu səbəbdən ondan şikayəti yoxdur.
Nəsimi rayon Məhkəməsinin hökmü ilə Səxavət 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs yaşadığı ünvanını axşam saat 23.00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qolulub.
Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb.
Fariz Məlikli Demokrat.az


