Abşeron rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Əkrəmin cinayət işinə baxılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əkrəm koronavirus infeksiyası “Covid 19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər kabinetinin Azərbaycan respubliksaı ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərin barəsində cəza tədbirlərinin tədbiq olnması ilə bağlı xüsusi karantin rejiminin tədbiq edilməsi barədə 13 mart 2020-ci il tarixli, 19 iyun 2020-ci il tarixli və 19 noyabr 2020-ci il tarixli qərarlarının tələblərini pozub.
O, hərarətin yüksək olması ilə əlaqədar “Covid-19” virus daşıyıcısı olub, olmamasını aydınlaşdırmaq məqsədilə 2020-ci ilin noyabrında yaşadığı evdə verdiyi testin nəticəsinin pozitiv çıxıb. Ona bu barədə noyabrın 22-də SMS göndərilib, “Covid 19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına və yaşayış yerini tərk etməməsi ilə bağlı xəbardarlıq elan olunub.
Buna baxmayaraq Əkrəm noyabrın 29-da yaşayış yerini, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış Massivi, fərdi evi tərk edib, atasının dəfni ilə bağlı Füzuli rayonuna gedib.
Orada digər şəxslərlə ünsiyyətdə olaraq ona elan olunmuş sərt karantin rejimi qaydalarına əməl etməyib. O, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaradıb.
İstintaq orqanı tərəfindən Əkrəmin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.
Onun barəsində olan cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Əkrəm 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23.00-dan saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Onun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.
Fariz Məlikli Demokrat.az


