Hər bir cəmiyyətin başlıca məqsədlərindən biri ictimai və dövlət maraqlarının qorunmasıdır. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Buna görə də, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. Ölkəmizdə ictimai və milli maraqların təmin olunması əsas prioritet məsələdir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqqisini təmin edir. Nəzərə alsaq ki, müasir Azərbaycan intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan toplumu ictimai maraq və dövlət marağı anlayışlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai-siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran yetkin cəmiyyətdir. Həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda ideal cəmiyyətin formalaşması mümkün olur. Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da yaranır.
Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi "Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır" fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər. Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsində ictimai və dövlət maraqlarının üst-üstə düşməsi Azərbaycanı möhtəşəm zəfərə doğru apardı. Sirr deyil ki, 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar cəbhədə hansı gərginliklərlə müşahidə olunurdusa, eyni həyəcan arxa cəbhədə də hiss olunurdu. Bu baxımdan, Vətən müharibəsi Azərbaycan cəmiyyətində həm də milli birliyin, vahid düşüncənin, vətən, xalq və dövlət anlayışının uğurlu vəhdətinə çevrildi. Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq, insanların qələbəmizlə bağlı sevincinə şübhə toxumu səpmək, Ali Baş Komandanın ətrafında cəmləşən xalqın birliyinə xələl gətirmək istəyən qüvvələr də az deyildi. Lakin buna baxmayaraq, Azərbaycan xalqı öz dövlətini müdafiə edərək bu gün də qazandığı qələbəni qoruyur. Təbii ki, bu maraqların qorunduğu məkanlarda cəmiyyət normal şəkildə öz axarı ilə inkişaf edir. Bunun əksi olanda isə inkişafdan söz açmaq qeyri-mümkündür. Cəmiyyət ayrı-ayrı fərdləri özündə birləşdirərək, sonda böyük bir toplum, maraqlar məkanı kimi çıxış edir. Dövlət isə bu zaman himayəçilik missiyasını həyata keçirir. Ona görə də, cəmiyyət və dövlət maraqları bir-birilə sıx şəkildə vəhdət təşkil edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirova “Demokrat.az”a açıqlamasında bildirdi ki, dövlət maraqlarının qorunmasının əsasında cəmiyyətin və fərdlərin rifahı dayanır:
“İlk olaraq, fikirlərimə Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçill fikirləri ilə başlamaq istəyirəm. Onun belə bir maraqlı ifadəsi vardı: “Dövlətlərin daim dostları yoxdur, dövlətlərin daimi maraqları var”. Yəni, məsələyə bu kontekstdə yanaşsaq, həqiqətən də maraqlar məsələsi həlledicidir. Çünki maraqlar var ki, ictimai məzmun kəsb edir, maraqlar var ki, dövlət əhəmiyyəti daşıyır. Bu baxımdan, həm ictimai maraqların, həm dövlət maraqlarının olması öz-özlüyündə məqbul haldır. Ən unikalı isə odur ki, ictimai və dövlət maraqları üst-üstə düşsün. Bu, ən gözəlidir. Biz artıq ictimai və dövlət maraqlarının harmoniyasının necə böyük tarixi uğurları şərtləndiyinə şahidlik etmişik. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev rəhbərliyi altında yenilməz ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin əldə edilməsində ictimai və dövlət maraqlarının üst-üstə düşdü. Hesab edirəm ki, bu, müstəsna əhəmiyyət kəsb edib. Təbii ki, çalışmaq lazımdır ki, maraqlar hər zaman üst-üstə düşsün. İctimai maraqların da olması təbiidir və dövlət maraqları ilə prioritet təşkil etməlidir. 
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli isə qeyd etdi ki, dövlət maraqları ideologiyalar üstündə qurulan ölkələrdə həyata keçir:
“Gəlin, indiki və ya o vaxtkı hegemon dövlətləri götürək ki. Məsələn, ABŞ, Çin, Türkiyə, Rusiya. Təbii ki, bunların tarix boyu özünəməxsus ideologiyaları olub və həmin ideologiyaya söykəniblər. Əgər bir dövlət ki, ideologiyaya söykənsə, o dövlət həmişə ayaqda olacaq. Təbii ki, Azərbaycanda böyük dövlət olmaq istəyirsə, hər zaman ideologiyaya söykənməlidir. Bu ideologiya nə 1918-ci ildən, nə də ki, 1991-ci ildən başlayıb. Bu ideologiya əsrlərə söykənən ideologiyadır. Nadir şah, Şah Abbas, Şah İsmayıl Xətai və s. onların hamısı bizim imperator babalarımızdır. Onların hamısı Azərbaycan türkü olublar. Bax, biz bu ideologiyanı yenidən qaytarmalıyıq. 
Aynurə Pənahqızı Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb



