Gündəm

"Ramiz Mehdiyev getməməklə göstərməyə çalışır ki, hələ də əzələ nümayiş etdirə bilir"— DEPUTAT

Ramiz Mehdiyev getməməklə göstərməyə çalışır ki, hələ də əzələ nümayiş etdirə bilir— DEPUTAT

“Cəmiyyətdə edilən bütün bu çağırışların fonunda Ramiz Mehdiyev sanki bir əzələ nümayiş etdirmək niyyətindədir. Amma, bunun sonu heç də yaxşı nəticələnməyəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, onun Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında yayımlanan yazısı da əslində qeyri-adekvat cavab idi:

“Bu açıqlama birbaşa Azərbaycan hakimiyyətini, cəmiyyətini hədəfə alan bir açıqlama idi. Burada “cib və avtobus müxalifəti” terminlərindən istifadə birbaşa Azərbaycanın milli birliyinə təsir etmək niyyəti üçün atılan bir ox idi. Çünki son illərdə ölkəmizdə siyasi dialoq mühitinin genişləndirilməsi öz müsbət, yüksək nəticələrini verir. Milli birliyimiz ölkəmizin inkişafına, tərəqqisinə, müstəqilliyimizin, suverenliyimizin qorunmasına xidmət edir. Bu baxımdan da bu ifadələr milli birliyimizə zərbə vurmaq niyyəti daşıyır”.

“AMEA rəhbəri Ramiz Mehdiyevin adından bu ifadələrin deyilməsi, əlbəttə ki, çox böyük düşündürücü haldır. Düşünürəm ki, bu, birbaşa dövlətimizə zərbə vurmaq niyyəti daşıyır. Azərbaycan Milli Məclisi haqqında söylədiyi cəfəng fikirlər də birbaşa hakimiyyətə yönəlmiş ittihamdır. Əslində, Ramiz Mehdiyev getməməklə göstərməyə çalışır ki, hələ də əzələ nümayiş etdirə bilir. Amma əlbəttə ki, bunun sonu heç də yaxşı bitməyəcək. Çünki Azərbaycan güclü dövlətdir və Azərbaycanda müstəqil siyasət yürüdülür. Heç bir kənar qüvvə və əlaltıları Azərbaycanın daxili milli birliyinə heç bir halda təsir göstərə bilməyəcəklər”- deyə, deputat vurğulayıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az