Son zamanlar bir sıra keçmiş icra başçıları həbsə düşdükdən sonra orada ibadətə başlayırlar. Xəbər verdiyimiz kimi, İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev də həbsdə ibadətə başlayıb. Hazırda Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır. O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib. Məsələyə münasibət bildirən Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, xalqı talayan bu kimi insanların səmimiyyətinə heç kəs inanmır:

“Əlbəttə ki, hər kəsin onu yaradana ibadət etmə borcu var, istər korrupsioner, istər cinayətkar, istərsə də sadə vətəndaş, təmiz insan olsun. Amma son zamanlar cəmiyyətdə korrupsiyaya görə tutulan, xalqın malını yeyənlərin bu dünyada cəzaya məhkum olunduqdan sonra, tövbə etmələri, Allaha ibadət etmələrinin şahidi oluruq. Hətta, bu barədə mətbuatda da xeyli yazılar yazılır, sosial şəbəkələrdə müzakirələr olur. Mən Vilyam Hacıyevin siyasi kimliyi barədə danışa bilərəm. Ola bilər ki, bəlkə də, doğurdan imana gəlib, tövbə edib. Yəni, tövbələri qəbul edən Allahdır. Amma, hər halda görünən odur ki, insanlar bunu səmimi qiymətləndirmir. Çünki illərlə sən xalqı talamısan, xalqı gözü yaşlı qoymusan və yüzlərlə yetimin haqqını yemisən, sonra da dörd divar arasına düşəndə Allaha ibadət yadına düşüb. Ona görə də, bütün bunlar vətəndaşlarımız tərəfindən bir çox hallarda səmimi qəbul olunmur. İnşallah, əgər azadlığa çıxsa, onda da davam eləsə, o zaman səmimiyyətinə inanmaq olar. Çünki şəxsən tanıdığım xeyli siyasilər var ki, bu və ya digər səbəbdən həbsə girən kimi ibadətə başlayırlar. Amma, həbsdən çıxan kimi yenidən adi həyatlarına dönürlər və ibadəti unudurlar. Ona görə də, səmimiyyətlərinə çox inanmırıq. Səmimiyyətlərini Allah bilir, ona görə də, bizə qiymət vermək düşməz”.
Aynurə Pənahqızı Demokrat.az


