“Avstraliya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının vahid blok halında möhkəmlənməsi Fransanı özünə yeni mütəffiqlər axtarmasına məcbur buraxa bilər”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Politoloqun sözlərinə görə, Rusiya burada ən yaxşı mütəffiq kimi görünür:
“Hesab edirəm ki, Fransa ilə Rusiya arasında xeyli ortaq nöqtələr var. Avropa ölkələri arasında Fransa ilə Rusiya yaxın mütəffiq münasibətləri ilə fərqlənir. Bilirsiniz ki, soyuq müharibə dövründə Fransa iki dəfə NATO-dan çıxıb, hazırda Fransa NATO-nun hərbi qanadının üzvü deyil. Bundan başqa, Rusiyanın çətin anlarında Fransa hər zaman ona kömək etməyə çalışıb, ya da tam tərsinə. Düşünürəm ki, indi də Ukrayna ilə yaranmış vəziyyətlə bağlı Fransa Rusiyaya kömək əlini uzadacaq. Hansısa şəkildə Makron Ukrayna-Rusiya konfliktində pat vəziyyətinə düşmüş Rusiyanı və şəxsən Putini bu durumdan çıxarmağa çalışa bilər”.
“Hesab edirəm ki, iki dövlət başçılarının görüşü əsasən bu istiqamətdə olacaq. Bundan başqa, Makronun prezident seçkilərinin vaxtına çox az qalıb. Ona görə də həm Qarabağ məsələsinə, həm Azərbaycan-Ermənistan münaqişəsinə daha aktiv siyasi addımlar atmaqla, erməni seçicilərin səsini qazanmağa çalışır. Eyni şəkildə Makron Rusiya məsələsini də gündəmə gətirir. Rusiya səfəri ilə əslində Fransa bölgədə və dünyada ciddi rol oynadığını yenidən göstərmək istəyir. Eyni zamanda seçki qabağı özünə siyasi yatırım edir. Özünü əslində dünyanın aparıcı dövlətlərinin rəhbəri və Fransanın dünyadakı təmsil edən qlobal liderlərdən biri olduğunu göstərməyə çalışır. Düşünürəm ki, bu məsələlər onun səfərində əsas rol oynayacaq”- deyə, politoloq vurğulayıb.
Aynurə Demokrat.az


