Sosial

Salyanda Gənclər Günü qeyd edildi — FOTOLAR

Salyanda Gənclər Günü qeyd edildi — FOTOLAR

Bu gün Salyan rayon İcra Hakimiyyəti və Salyan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Salyan rayon İcra Hakimiyyətinin konfrans zalında karantin rejimi qaydalarına riayət etməklə, 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibəti ilə "Gənclər Həftəsi" çərçivəsində "Azərbaycanın Gələcəyi Gənclərdir" adlı toplantı və rayonun fəal gənclərinin mükafatlandırılması mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak edib.

Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov əlamətdar gün münasibətilə gəncləri təbrik edib, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulayıb və əsası Ulu öndər tərəfindən qoyulmuş və bugün cənab Prezident tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb, Azərbaycan gəncliyinin istər pandemiya şərtləri çərçivəsində, istərsə də Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndirib.

Sonra tədbirdə çıxış edən rayon Prokuroru Firdovsi Nemətli Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, ölkə gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını, dövlətimizin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb.

Tədbirdə çıxış edən gənclər arzu və təkliflərini bildirib, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə 35 nəfər rayonun icitmai və mədəni həyətında fəal iştirak edən, müxtəlif sahələrdə uğurlar qazanmış gənc 2 fevral –Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibəti ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hədiyyələrlə təltif edilib.

Demokrat.az

D
demokrat.az