Gündəm

“Jan-İv Lö Drian məsuliyyətsiz açıqlama verib” — “Pekresin Qarabağa səfəri təxribatçı addımdır”

“Jan-İv Lö Drian məsuliyyətsiz açıqlama verib” — “Pekresin Qarabağa səfəri təxribatçı addımdır”

“Fransanın sağ mərkəzçi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Valeri Pekresin keçən ilin 22 dekabrında Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfəri təxribatçı addımdır və beynəlxalq hüquqa tamamilə ziddir. Bu, beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirilməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov, bu hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin çox prinsipal, qətiyyətli və sərt mövqe ifadə etdiyini diqqətə çatdırır: “Qeyd edib ki, Pekresin bu addımı təxribatçı addımdır və qarşıda gələn Prezident seçkilərində erməni seçicilərin səsini qazanmaq məqsədi güdür və birbaşa Fransa prezidenti Makrona qarşı yönəlmişdir. Azərbaycan prezidentinin bu mövqeyi nəticəsində Valeri Pekres növbəti sayıqlmaya imza atıb. Əslində, öz sayıqlaması ilə özü-özünü ifşa edib. Çıxışında bu səfəri etməkdə məqsədinin Şərq ölkələrində xristianları qorumaq olduğunu bildirib. Onun fəaliyyətinin mərkəzində Şərq dünyasının xristian əhalisini qorumaq təşkil edir və bu, kontekstdə ermənilərə xüsusi münasibəti var. Yəni, açıq-aşkar ermənipərəst siyasətini növbəti dəfə ortalığa qoyub. Bu hadisə Azərbaycanda ictimaiyyət arasında çox ciddi və sərt reaksiyaya səbəb olub. Artıq yanvar ayının 18-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Fransa prezidenti Makrona açıq məktubla müraciət ediblər. Həmin məktubda Pekresin Xankəndinə səfəri məsuliyyətsiz addım kimi qiymətləndirilib. Bu hərəkət kəskin şəkildə pislənilib. Eyni zamanda, Fransa prezidenti Emmanuel Makrondan belə qeyri-qanuni səfərlərin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsinə çağırış edilib”.

Deputat onu da bildirir ki, prezidentliyə namizəd Pekresin bu qeyri-qanuni hərəkəti Fransanın özündə də birmənalı qarşılanmayıb: “Belə ki, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti, Fransada Azərbaycanın Dostları Assosiyasının prezidenti Jerom Lambert bəyanat imzalayıb. Həmin bəyanatda Pekresin Azərbaycanın Qarabağ bölgəsinə səfəri təxribatçı addım kimi qiymətləndirilib. Eyni zamanda, vurğulanıb ki, Azərbaycanda xristian əhalisi sülh və əmin-amanlıq şəraitində yaşayır. Roma papasının Azərbaycana səfərləri də bunu bir daha təsdiqləyib. Qeyd edib ki, belə addımlar nəticə etibarilə heç bir halda regionda sülhə və əmin-amanlığa xidmət etmir. Əksinə, regionda qarşıdurma mühitinin formalaşması mənafeyinə xidmət edir. O da məlum olub ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian yanvarın 18-də Fransanın Milli Assambleyasında məsuliyyətsiz bir açıqlama verib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı söylədiyi fikirlərə forma və mahiyyət etibarilə qəbuledilməz fikir kimi qiymət verib. Bu, bir daha onu təsdiq edir ki, bu gün Fransada müəyyən siyasi dairələr heç bir halda post-müharibə dövrünün reallıqlarını qəbul etmək istəmirlər. Onların bütün addımları ilk növbədə ona yönəlib ki, qarşıdan gələn prezident seçkilərində erməni seçkilərinin səslərini qazansınlar. Bu səsləri qazanmaq naminə, hətta Azərbaycan və Fransa arasındakı münasibətlərin gərginləşməsinə qədər istənilən addımı atmağa hazırdılar. Həm prezidentliyə namizəd Pekresin qanunsuz səfəri və səsləndirdiyi cəfəng fikirlər, eyni zamanda Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drianın absurd yanaşmaları, əslində 15 dekabr tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Fransa prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri arasında keçirilmiş danışıqların ümumi ruhuna ziddir. Bu, Fransanın post-müharibə dövrünün reallıqları fonunda davranış xəttinə ziddir və regionda əmin-amanlığa üçün təhdid kimi qiymətləndirilə bilər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az