“Paşinyanın bu kimi bəyanatları KTMT-nin Azərbaycana münasibətini dəyişməyəcək”

GÜNDƏM 13 yan 2022, 11:25
“Azərbaycanın müharibəyə terrorçuları cəlb etməsi” ittihamı təkcə Ermənistan yox, Fransa, İngiltərə, ABŞ, Rusiya hətta İran mətbuatı və rəsmiləri tərəfindən də istismar edilib. “Dəmir yumruq” hərbi əməliyyatının dünya mediasında işıqlandırılması özəllikləri ilə bağlı araşdırmalar bunu sübut edir. Misal üçün, bu haqda müəllifi olduğum MDU-nun "Universitetskiy Vestnik" jurnalının Jurnalistika seksiyasında 2021-ci ilin iyul buraxılışında dərc edilən elmi araşdırmamda yazılıb. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Moskvada yaşayan tanınmış azərbaycanlı jurnalist Anar Həsənov deyib. 



O, bildirib ki, hazırda atəşkəs elan edildiyindən, bu ittihamlar Qərbdə, Cənubda və Şimalda gündəm olmasa da, amma Ermənistanla Azərbaycan müharibə vəziyyətində olduğundan mövzu istismar edilməkdədir: “Ermənistan baş naziri ümid edir ki, nüfuzlu tədbir zamanı səsləndirdiyi fikir gündəm üçün şansdır və erməni cəmiyyətində ona olan münasibətə müsbət təsir edir. Bir halda ki iki ölkə arasında müharibə bitməyib, anti-təbliğat da davam edir, Paşinyanın bu kimi bəyanatlarının KTMT-nin Azərbaycana münasibətini dəyişəcəyini ehtimal etmirəm. Hətta, müharibə dövründə Rusiya Xarici Kəşfiyat İdarəsinin rəhbəri Sergey Narışkin bu mövzunu gündəmə gətirsə də, o ancaq mediada təhlillə məhdudlaşdı. Amma Azərbaycanda siyasi vəziyyət dəyişərsə və Rusiyanı razı salmayacaq hadisələr baş verərsə, bu mövzunun istismar ediləcəyini istisna etmirəm. Deməliyəm ki, bu ittihamın birbaşa da olmasa ilkin mənbəyi Rusiyanın Xarici Kəşfiyyat İdarəsi olub”.

A.Həsənov əlavə edib ki, bu mövzu Azərbaycana qarşı istifadə edilə biləcək diskus mövzularından biridir ki, qonşu dövlətlərlə münasibətlər pozulduğu təqdirdə istismar edilə bilər: “Sadəcə bir misal çəkmək istərdim, Rusiya 1991-ci ildən sonra Krıma olan iddialarına film, ədəbiyyat vasitəsilə, saxta müxalifətin dili ilə siyasi meydanda işarələr etdi və əlverişli şərait yaranan kimi verbal yanaşma gerçək addımlarla sonuclandı. Buradan belə nəticə çıxarmaq olar ki, Paşinyan mətbuatda oturuşmuş mövzunu passiv fazadan aktiv fazaya keçirməyə cəhdlər edir. Bu köhnə metoddan Rusiya da çeçen kampaniyasını aparan zaman Çeçenistanı beynəlxalq terror yuvası adlandırmaqla, Qərbin dəstəyini qazanmağa cəhd edirdi. Çünki Qərbdə “islam terroru” kimi oturuşmuş mifologiya var və o siyasətdə istismar edilməkdədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top