“Əjdər Ol Səlim Müslümovla əlbir olaraq 327 min rüşvət alıb”

SOSİAL 12 yan 2022, 19:40

Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilən yazıçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin rəhbərliyi ilə keçirilən iclasda ittiham aktı elan edilib.

İttihama görə, Əjdər Cəbiyev külli miqdarda rüşvət alıb və dövlət vəsaitini mənimsəyib.

Əjdər Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq 327 min manatdan artıq rüşvət alıb.

Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə büdcədən 262 min manat ayrılmasına nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsilə əldə edib.

Prokuror Əjdər Olun Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təqsirli bilindiyini elan edib.

Daha sonra sabiq aparat rəhbəri qeyd olunan bütün ittihamları qəbul edib və göstərilən cinayət əməllərini törətdiyini etiraf edib:

“Özümü təqsirli bilirəm. İstintaqa verdiyim ifadələri tam təsdiq edirəm. Pulları alıb nazirliyin müəyyən xərclərinə sərf etmişik. Başqa məqsədim olmaylb. Özü də həmin pullar uzun illər ərzində alınmış məbləğdir.

Mən Səlim Müslümovla əlbir olmamışam. Aldığım pullardan ona nəsə verməmişəm. Əlavə sözüm yoxdur”.

Daha sonra şahidlər dindirilib. Şahidlərdən bir neçəsi ƏƏSMN və DSMF-nin tabeliyindəki qurumlarda çalışdıqlarını, daha yüksək vəzifəyə keçmək üçün Əjdər Cəbiyevə pul verdiklərini deyiblər.

DSMF-nin Saatlı şöbəsində işləmiş şahid Seyid Abbasov ifadəsində bildirib ki, istintaqda prokuror tərəfindən ona təzyiq olunub:

“Mənə dedilər ki, ifadəni biz deyən kimi yazmalısan, yoxsa sənin üçün pis olacaq. Mən də qorxumdan yazdım ki, Əjdər Cəbiyevə 2 min manat vermişəm. Əslində, heç kimə pul verməmişəm. Məbləği təsadüfən seçdim. 2 min manat yazmağımın hər hansı xüsusi səbəbi yoxdur”.

Şahid ifadələri zamanı məlum olub ki, Əjdər Cəbiyev müxtəlif vəzifələr düzəlmək üçün ayrı-ayrı şahidlərdən 2 min manatdan 120 min manata qədər pul alıb.

Şahid Rövşən Xəlilov isə ifadəsində bildirib ki, o, podratçı şirkətin direktoru işləyib:

"Natiq Əzizov mənə dedi ki, Mingəçevirdə əlil və şəhid ailələrinə veriləcək evlərin alınması üçün vətəndaşlarla danışıq aparıb onlardan aşağı qiymətə razılığa gəlmək lazımdır. Mənə vətəndaşlarla əlaqəyə keçib onlardan aşağı qiymətə evlərini almaq tapşırığı verilmişdi. Həmin evləri isə sonradan dövlət ayrılan vəsaitlə baha qiymətə rəsmiləşdirdik. Məsələn, vətəndaşın birindən 35 min manata almışdıq, halbuki nazirlikdən 52 min manat pul köçürülmüşdü".

Digər şahid Natiq Əzizov da ifadəsində əvvəlki şahidin dediklərini təsdiq edib.

O bildirib ki, nazir Səlim Müslümov ona ucuz qiymətə evlər almağı və özlərinin təmir etməyini tapşırıb:

“Bütün pulları isə Əjdər Cəbiyevə verirdim”.

Dövlət ittihamçısının Əjdər Cəbiyev tərəfindən qanunsuz göstərişlər verməsi ilə bağlı suala isə şahid “heç vaxt belə bir şey olmayıb”, - deyə cavab verib.

Proses yanvarın 19-da davam etdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top